Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı öz meyarlarını təqdim edə bilər.
"Azərbaycanın "Siyasi partiyalar haqqında" yeni qanununda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələləri öz əksini tapmalı, müvafiq meyarlar müəyyənləşdirilməlidir", - jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsaslanaraq, bu və ya digər seçkilərdə iştirak etməyən siyasi partiyaların qeydiyyata alınması ləğv edilməlidir.
Novruzov hesab edir ki, mövcud qanuna dəyişiklik və əlavə etməkdənsə, yeni qanun hazırlamaq daha məqsədəuyğun olar.
"Biz dəfələrlə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini parlamentə təqdim etmişik və bu qanunu beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirə etmişik", - Novruzov qeyd edib.
Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib.