Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıdakı görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə ötən il 20 dekabrdakı müraciətində toxunulan məsələlərə diqqətinə görə Dmitri Medvedevin minnətdarlığını çatdırıb. Bu barədə Rusiya Federasiyasının Bakıdakı səfirliyindən məlumat verilib.
Qafqaz müsəlmanlarının dini lideri RF Prezidentinə ünvanladığı məktubda Moskvada və Rusiyanın digər şəhərlərində dini zəmində baş vermiş iğtişaşlarla bağlı narahatlığını ifadə edib.
2010-cu il dekabrın 11-də Moskvanın mərkəzində iğtişaşlar baş verib. 30 nəfərdən çox şəxs xəsarət alıb. İğtişaşlara səbəb "Spartak"ın azarkeşi Yeqor Sviridovun kabardin və balkarlarla davada öldürülməsi olub. Müstəntiq azarkeş və millətçilərin narahatlığına səbəb olan vuruşmadan sonra həbs olunmuş altı şəxsdən beşini buraxıb.
Səfir, həmçinin ekstremizm və dini radikallıqla mübarizədə Rusiya tərəfinin Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanın dövlət qurumları ilə sıx qarşılıqlı əlaqəyə hazır olduğunu təsdiq edib, məlumatda deyilir.