...

Azərbaycanın hazırkı uğurlu və sürətli inkişafı hər bir bölgədə özünü göstərməlidir - Prezident İlham Əliyev (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Aprel 2011 23:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycanın hazırkı uğurlu və sürətli inkişafı hər bir bölgədə özünü göstərməlidir - Prezident İlham Əliyev (FOTO) (ƏLAVƏ OLUNUB)

Prezident İlham Əliyevin nitqi və fotoşəkillər əlavə olunub (ilk xəbər 19:00-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Astara rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev onları təzə yolun açılışı münasibətilə təbrik edib.

"Çox gözəl yoldur, bir neçə kəndi birləşdirir, 19 kilometr uzunluğu vardır. Astara sakinlərinin müraciətinə müsbət cavab verərək bu yolun inşasına Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır və bu yol tikilmişdir. Baxmayaraq ki, bu, kənd yoludur, gözəldir, bütün beynəlxalq standartlara cavab verir. İndi bütün kənd yollarımız bu səviyyədə olmalıdır. İndi kənd yollarının tikintisi ilə bağlı xüsusi proqram hazırlanır.

Həm Bakıətrafı qəsəbələrdə, həm də bütün bölgələrdə buna böyük ehtiyac vardır. Çünki kənd yollarımız hələ ki, istədiyimiz səviyyədə deyildir",- Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti Astarada birinci belə layihələrdən birinin icra edilməsindən şad olduğunu qeyd edib. "Hesab edirəm ki, biz gələcəkdə digər kənd yoll arına da əl gəzdirməliyik.

Biz onları gözəl etməliyik. Mən birinci dəfə deyil ki, Astarada səfərdəyəm. Əvvəlki illərdə də Astarada bir neçə dəfə olmuşam və bu gün burada bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur. Astarada böyük qaz-kompressor stansiyasının yenidən qurulması prosesi başa çatmışdır. Bu da həm Astara, həm ümumiyyətlə Azərbaycanın qaz potensialının inkişafı üçün çox vacib layihədir, həm də yeni iş yerlərinin açılmasına xidmət göstərəcəkdir. Su elektrik stansiyasının təməl daşı qoyulacaqdır.

Bu da Azərbaycanda bu gün həll olunan məsələlərdən biridir. Çünki hər bir rayonda, harada imkanlar vardır, kiçik su elektrik stansiyaları tikilməlidir ki, biz özümüzü enerji ilə daha da böyük həcmlə təmin edək. Digər layihələr icra olunur, Gənclər evi tikilib, qazlaşdırma gedir. Bu gün bu məsələ ilə bağlı mənə məlumat veriləcəkdir. Elə etməliyik ki, bütün yaşayış məntəqələri qazlaşsın.

Bu istiqamətdə işlər aparılır. Su, kanalizasiya məsələlərinin həlli gözlənilir. Bu da çox vacib olan məsələdir", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev bildirib ki, hər bir rayon üzrə xüsusi proqramlar var. "Bütün bu proqramlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. O proqram ki, artıq Azərbaycanda bir neçə ildir, icra edilir və uğurla icra edilir. Ölkəmizdə aparılan işlər və bölgələrin inkişafı, bölgələrdə sosial infrastrukturun yaradılması məsələləri proqramda öz həllini tapır.

Astarada son illərdə istehsal artıb, yeni müəssisələr istismara verilib, məktəb tikintisi gedir, bir neçə məktəb tikilir. Yəni, işlər yaxşı gedir. Bu işləri daha da sürətlə aparmalıyıq. Çünki Azərbaycanın hazırkı uğurlu və sürətli inkişafı hər bir bölgədə və hər bir kənddə özünü göstərməlidir. Bizim məqsədimiz bundan ibarətdir. Beş il bundan əvvəl Astarada yeni elektrik stansiyası tikilmişdir.

Mən xatırlayıram, bu stansiyanın açılışında olmuşdum. Bu stansiya nəinki Astaranı enerji ilə təmin edir, bütün bölgəyə elektrik enerjisi verir. Artıq o stansiyanın istismara verilməsindən beş il vaxt keçir. O vaxt birinci belə stansiya məhz Astarada tikilmişdir. Ondan sonra digər bölgələrdə. Biz artıq enerji qıtlığı ilə çoxdandır ki, üzləşmirik.

Əksinə, xaricə enerji ixrac edirik. Bütün bu müsbət təcrübəni biz başqa sahələrdə də görməliyik. Yenə də deməliyəm ki, qaz təchizatı, içməli su, kanalizasiya, suvarma şəbəkəsi, sosial infrastruktur, xəstəxanalar, məktəblər, yollar və əlbəttə ki, iş yerləri.

Bu problem Azərbaycanda tədricən həll olunur, ancaq hələ ki, işsizlər vardır. Onların işlə təmin edilməsi gündəlikdə duran vacib məsələlərdəndir. Son illərdə yüz minlərlə iş yeri açılmışdır. Ancaq hələ ki, işsizlər vardır. Azərbaycan əhalisi artır. Bu çox müsbət haldır. Hər il təxminən 150-160 min körpə dünyaya gəlir.

Biz elə etməliyik ki, yəni iş yerlərinin açılması da bax bu artımla uzlaşsın. Hər bir iş yerinin açılması böyük vəsait, investisiya tələb edir, kreditlər verilməlidir. Biz bunu edirik və edəcəyik", - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, sosial məsələlər, maaşların, təqaüdlərin artırılması məsələləri də yaxın zamanlarda öz həllini tapacaqdır. "Bütün bu məsələlər deyə bilərəm ki, Azərbaycanda mütəmadi qaydada həll olunur. Son illərdə maaşlar və pensiyalar bi r neçə dəfə qaldırılmışdır. Növbəti artım bir neçə aydan sonra gözlənilir", - Prezident İlham Əliyev bildirib.

Rayon sakini Kazım Əliyev Astara ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkürlərini çatdırıb. Qeyd edib ki, yeni yoldan 10 minlərə astaralı istifadə edəcək və bu çox böyük xeyirxahlıqdır. K.Əliyev Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonda rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti