...

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 6 Sentyabr 2011 12:32 (UTC +04:00)
Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Belçika ilə dostluq əlaqələrinin böyük perspektivi var. Bunu Trend-ə müsahibəsində Azərbaycanın Belçika Krallığındakı və Lüksemburq Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Aİ-dəki nümayəndə heyətinin sədri Emin Eyyubov deyib.

"Azərbaycanla Belçika arasındakı dostluq əlaqələrinin geniş perspektivləri var. Bu, xüsusilə özünü ikitərəfli iqtisadi əlaqələrin gələcək inkişafında göstərir və biz öz əmakdaşlığımızı möhkəmləndirmək üçün hər bir imkandan istifadə etməyə çalışırıq", - səfir bildirib.

Eyyubov qeyd edib ki, diplomatik əlaqələrin qurulmasından az müddət keçməsinə baxmayaraq, müştərək səylərlə belçikalıları Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti və geniş iqtisadi potensialı ilə tanış etmək mümkün olub.

Səfir deyib ki, yüksək səviyyəli siyasi əlaqələr intensiv şəkildə inkişaf edir. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin istər Aİ və NATO, istərsə də ikitərəfli formatlarda Brüsselə səfərləri zamanı ölkə rəhbərliyi ilə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin ölkələrimiz arasında qanunvericilik bazasının və iqtisadi əlaqələrin inkişafına kömək edən sənədlər imzalanıb. Bununla yanaşı, parlamentlərarası əlaqələr uğurla davam edir və parlamentlərin dostluq qrupları aktiv şəkildə əməkdaşlıq edirlər.

Diplomat qeyd edib ki, 2007-ci ildən Bakıda Cənubi Qafqazda ilk Belçika diplomatik nümayəndəliyi olan səfirlik fəaliyyət göstərir. Bu, şübhəsiz, ölkələrimiz arasındakı əlaqələrin intensivləşməsinə zəmin yaradır.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin gələcək aktivləşdirilməsi və eyni zamanda əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında bu il siyasi məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulub.

Səfirlik Belçika-Azərbaycan Ticarət Palatasını təşkil etməyi də planlaşdırır. Səfir deyib ki, bu, hər iki ölkə sahibkarlarının Azərbaycanda və Belçikada tərəfdaş axtarışında əsas koordinasiya rolunu oynayacaq.

İki ölkə arasındakı əməkdaşlığın digər mühüm sahəsi hərbi sahədir. Bu sahədə də fəal əməkdaşlıq həyata keçirilir. Diplomat bildirib ki, Bakı Əfqanıstana uçuşlar həyata keçirən Belçika hərbi təyyarələri üçün tranzit məntəqə kimi xidmət göstərir. İki ölkənin hərbi idarələrinin nümayəndələri qarşılıqlı səfərlər edirlər. Bununla yanaşı, hərbi sahədə qarşılıqlı anlaşma barəsində sazişin imzalanması üçün razılıq əldə olunub və tərəflər artıq sazişin layihəsini mübadilə ediblər.

"Qeyd etmək lazımdır ki, Belçikanın dövlət quruluşu federativdir, səlahiyyətlər federal strukturlar və yerli hakimiyyət orqanları arasında bölüşdürülüb. Bu o deməkdir ki, əməkdaşlığın müəyyən sahələri yerli icra hakimiyyəti orqanları səviyyəsində mərkəzləşdirilib və onların yalnız bir hissəsi federal hakimiyyətin səlahiyyətindədir. Bundan əlavə, 2007 və 2010-cu illərdəki parlament seçkilərindən sonra ölkə siyasi böhran içindədir. Bir ildən çoxdur ki, ölkədə heç bir hökumət qurulmayıb. Şübhəsiz, bu amillər ikitərəfli əlaqələrin inkişaf templərinə öz təsirini göstərir. Ancaq Azərbaycan və Belçikanın mövqelərinin yaxınlığı bütün səviyyələrdə faydalı və geniş dialoq aparmaq üçün real əsasdır", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti