...

Tahir Kərimli: Azərbaycan müxalifətinin zəif olmasının səbəblərindən biri təməlin səhv qurulmasıdır

Siyasət Materials 27 Sentyabr 2011 17:35 (UTC +04:00)
Partiya sədri Azərbaycan müxalifətinin zəif durumda olmasının səbəbini açıqlayıb.
Tahir Kərimli: Azərbaycan müxalifətinin zəif olmasının səbəblərindən biri təməlin səhv qurulmasıdır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətinin zəif olmasının səbəblərindən biri müxalifətçiliyin təməlinin səhv qurulmasıdır, bunu çərşənbə axşamı Trend-ə Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Kərimli Azərbaycan müxalifətinin sosial dayaqlarını itirdiyini və elektorat baxımından ciddi korluq çəkdiyini xatırladıb və əlavə edib ki, xalq kütləvi şəkildə müxalifəti müdafiə etmir.

"Dəfələrlə prezident və parlament seçkilərində xalq bu müxalifəti müdafiə etsə də, kütləvi şəkildə dəstəkləsə də, 2003-cü ildə prezident seçkiləri və 2005-ci ildə parlament seçkilərindən sonra xalq inanmadı ki, müxalifət onları qələbəyə aparacaq", - Kərimli əlavə edib.

Onun sözlərinə görə, müxalifətin zəifliyinin ikinci səbəbi isə yalnız qəzet üzərində fəaliyyət göstərmələridir.

"Partiya şəklində ciddi təşkilatçılıq qabiliyyətlərini ortaya qoya bilmirlər. Ona görə də vahid gücə çevrilə bilmirlər. Biz bunu yenə də İctimai Palatanın yaradılmasında görürük. İctimai Palata müxalifət təşkilatı kimi deyil, parlament seçkilərindən narazı qalan namizədlərin təşkilatı kimi yaranmışdı. Ərəb inqilablarından həvəslənən müxalifət İctimai Palatanı müxalifətin birliyinə çevrilməyə can atdı. Həmin vaxt müxalifət təşkilatlarının çoxu buna gəlmədi və xalq onlara dəstək vermədi. Bilə-bilə ki, aksiyalar kütləvi olmayacaq, yenə də bu aksiyaları keçirməyə can atdılar", - Vəhdət Partiyasının sədri qeyd edib.

O hesab edir ki, gərək müxalifət həmin aksiyaları keçirməyəydi.

"Bu gün hazırladıqları yol xəritəsini o vaxt təklif etsəydilər, iqtidarın həmin təklifləri qəbul etmə ehtimalı daha çox olardı. O zaman xalq görərdi ki, müxalifətin gücü var və hakimiyyət onlarla hesablaşır, belə olan halda sosial bazalarını genişləndirə bilərdilər", - Kərimli deyib.

Partiya sədri deyib ki, uzun illər Azərbaycanda müxalifət ideologiya və əqidə əsasında sosial baza yığmışdı. Müxalifət praqmatizmi liderlik savaşına çıxdıqdan sonra isə ideologiya arxa cəbhəyə keçib.

"Baxsaq görərik ki, müxalifət qəzetləri əsasən böyük dövlətlərin, beynəlxalq güclərin təsirindən və ya iqtidardaxili savaşdan yazırlar. Yalnız 5 faizdən azı müxalifətin öz tədbirindən yazırlar. Yazıların 95 faizdən çoxu müxalifətə aid olmayan məsələlərdəndir. Müxalif qəzetlərin özlərindən çox başqalarından yazması onların özlərini geridə qoyduqlarının göstəricisidir", - o vurğulayıb.

Kərimli deyib ki, Azərbaycanda Türkiyəni, xüsusən də Türkiyə müxalifətini nümunə götürürlər.

"Harada görülüb ki, Türkiyə müxalifəti hansısa qərb diplomatından dəstək umsun və ya qərbə onları dəstəkləmələri üçün müraciət etsin?" - Vəhdər Partiyasının sədri sual edib.

Xəbər lenti

Xəbər lenti