...

ABŞ səfiri yeni könüllüləri Amerika dəyərlərini azərbaycanlılarla bölüşməyə çağırıb

Siyasət Materials 8 Dekabr 2011 16:40 (UTC +04:00)
Metyu Brayza yeni könüllüləri Amerika dəyərlərini, inam və təcrübələrini azərbaycanlılarla bölüşməyə çağırıb.
ABŞ səfiri yeni könüllüləri Amerika dəyərlərini azərbaycanlılarla bölüşməyə çağırıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza yeni könüllüləri Amerika dəyərlərini, inam və təcrübələrini azərbaycanlılarla bölüşməyə çağırıb.

Trend-in məlumatına görə, dekabrın 8-də ABŞ Sülh Korpusunun 44 yeni könüllüsünün andiçmə mərasimi keçirilib. Onlar 11 həftə ərzində Azərbaycan dilini öyrəniblər. Yeni könüllülər 24 rayonda işləyəcək, öz bilik, bacarıq və təcrübələrini Azərbaycan icmalarının və təşkilatlarının inkişafı üçün tətbiq edəcəklər.

"Sülh Korpusunun könüllülərinin Azərbaycan cəmiyyətinə ikiillik inteqrasiyası Azərbaycanın tarixini, mədəniyyətini və dilini öyrənməyə imkan verəcək. Könüllülər ABŞ-a qayıtdıqdan sonra Azərbaycanın qeyri-rəsmi səfirləri qismində çıxış edə bilərlər", - səfir deyib.

O qeyd edib ki, ABŞ səfirliyinin və Sülh Korpusu könüllülərinin fəaliyyəti Azərbaycan ilə əməkdaşlığın qurulmasına öz töhfəsini verir.

Brayza bildirib ki, Sülh Korpusunun təcrübəsi həm onların, həm də çoxsaylı azərbaycanlıların həyatını daha da zəngin edəcək.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi də iştirak edib.

Novruzov çıxışında bildirib ki, Sülh Korpusu könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərini amerikalılara çatdıracaq.

"Azərbaycan dəyərlərinin ABŞ-da təbliği bu ölkədəki erməni lobbisinin səhv məlumatlar yaymasının qarşısını alacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti