...

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına dair Avropa kinematoqrafçılarının istehsal etdiyi filmin təqdimatı olub

Siyasət Materials 11 Mart 2012 19:35 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə bazar günü “Nizami” kino mərkəzində “Qafqazda sülh” beynəlxalq layihə çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimatı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına dair Avropa kinematoqrafçılarının istehsal etdiyi filmin təqdimatı olub

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Hüseynli/

Heydər Əliyev Fondunun dəstəyi ilə bazar günü "Nizami" kino mərkəzində "Qafqazda sülh" beynəlxalq layihə çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan "Sonu olmayan dəhliz" adlı sənədli filmin siqnal variantının təqdimatı olub.

Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da iştirak etdiyi təqdimat "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilib və Xocalı faciəsinin 20 illiyinə həsr olunub.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva filmin yaradıcı qrupunun işini yüksək qiymətləndirərək bildirib ki, bu film Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

Leyla Əliyeva çıxışında bildirib ki, Xocalı nəinki Azərbaycan xalqının, eləcə də bu faciə haqqında heç olmasa bir dəfə məlumat almış və onun nəticələrini görmüş hər bir vicdanlı insanın ağrısıdır.

"Bu gün sizin diqqətinizə Xocalı soyqırımı haqqında film təqdim olunur. Xocalı soyqırımı Azərbaycan xalqının və hər birimizin silinməz ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib. Lakin günahsız öldürülmüş insanların xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu film 1992-ci il fevralın 26-da Xocalıda baş verən dəhşətlərdən bəhs edir və jurnalist araşdırmasıdır. Mənim fikrimcə, bu filmdə Xocalı soyqırımına dair faktlar dəqiqliklə göstərilib" Leyla Əliyeva qeyd edib.

Leyla Əliyeva həmçinin vurğulayıb ki, 2012-ci ildə İslam Konfransı Gənclər Forumunun xətti ilə Xocalı faciəsinin siyasi və hüquqi aspektlərdən tanınması, o cümlədən ədalətin tam bərqərar olması istiqamətində fəaliyyət davam etdiriləcək.

"Biz inanırıq ki, tezliklə bu faciə siyasi-hüquqi qiymətini alacaq və günahkarlar cəzalandırılacaq" Leyla Əliyeva çıxışında bildirib.

Sonra litvalı jurnalist Riçardas Lopaytis (sənədli film onun gündəliyi əsasında çəkilib - E.H) çıxış edərək bildirib ki, Ağdamda könüllü kimi yardım etdiyi vaxtlar və daha sonra münaqişə zonasında etdiyi səfərlər zamanı şahidi olduğu hadisələri öz gündəliyinə yazıb.

Lopaytisin sözlərinə görə, onun jurnalistikaya gəlişi Qarabağla bağlı olub.

"Bu filmin yaranması yalnız mənim peşəkar marağım yox, həmçinin keçirdiyim hisslər, gördüyüm və eşitdiklərimin nəticəsidir. Orada gördüyüm anlar məni 20 ildir rahat buraxmır. Kim, niyə və nə üçün suallarına cavab almaq üçün gündəliyimdə yazdıqlarıma zaman-zaman qayıdıram. Belə alınıb ki, həmkarlarım, kinematoqrafçılar mənim gündəliyimlə maraqlanıblar. Və qərara alıblar ki, o hadisə haqqında film çəksinlər" Lopaytis bildirib.

Daha sonra "Sonu olmayan dəhliz" adlı sənədli filmin siqnal variantı nümayiş edildi.

Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film müxtəlif insanların-milli mənsubiyyət, peşə və siyasi baxışları fərqli olan adamların 1992-ci ilin faciəvi 26 fevral gecəsində kəsişən talelərindən bəhs edir.

Filmdə faciə zamanı Xocalıda əsir düşmüş musiqi müəllimi, rusiyalı hərbi fotomüxbir, öz ailəsinin əksər üzvlərini Xocalı qırğınında itirmiş və əsir düşmüş qadın faciədən 20 il sonra litvalı jurnalist Riçardas Lopaytisin müstəqil jurnalist araşdırmasının iştirakçıları olublar. Filmdə SSRİ-nin dağıldığı dövr və Qarabağ münaqişəsinə aid şahidlərin xatirələri də öz əksini tapıb.

Filmdə Ermənistanın indiki prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsində törədilən qətllərin iştirakçısı kimi göstərilib. Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların ailə üzvləri danışdırılıb.

Tədbirdə dövlət rəsmiləri, deputatlar, ictimai-siyasi xadimlər və KİV nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

2012-ci ilin yanvarında İKGF-nin təşəbbüsü ilə 51 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb. Analoji xarakterli qərarlar Meksika və Pakistan parlamentlərində də qəbul edilib.

Tədbirin iştirakçılarına Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilis və rus dillərində hazırlanmış "Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi..." kitabları təqdim edilmişdir.

Xəbər lenti

Xəbər lenti