...

İlham Əliyev Meksika Senatının sədr müavinini qəbul edib

Siyasət Materials 11 İyul 2012 16:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroya Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Meksika Senatının sədr müavinini qəbul edib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroya Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Fransisko Arroya Vieyra ölkələrimiz arasında 20 ildən artıq mövcud olan diplomatik əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi.

O, əlaqələrimizin genişləndirilməsində Azərbaycan hökumətinin dəstəyi ilə Meksikada həyata keçirilən mədəni-humanitar layihələrin önəmini qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə fəxr duyduğunu deyən qonaq ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərin onlarda xoş təəssüratlar yaratdığını dedi. Fransisko Arroya Vieyra Meksikada ulu öndərin xatirəsinə abidə ucaldıldığını, Meksikadakı meydanların birində isə Azərbaycan-Meksika dostluğunu əks etdirən monumentin və Xocalı soyqırımı abidəsinin qoyulacağını vurğuladı. Meksikalı qonaq iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu bildirdi. Qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.

Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroya Vieyranın ölkəmizə səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı bu səfərin Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanın Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Meksika senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirdi və minnətdarlığını bildirdi. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinin Meksikada hörmətlə yad edilməsinin xalqımızda xoş duyğular yaratdığını dedi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və parlamentlərarası əməkdaşlıq sahələrində daha da genişləndirilməsi ilə bağlı yaxşı imkanların olduğu vurğulandı.

Xəbər lenti

Xəbər lenti