...

Prezident İlham Əliyev: Trans-Avropa şəbəkələrinin yaradılması, Avropa nəqliyyat əlaqələrinin genişləndirilməsi Azərbaycanın prioritetlərinə daxildir (FOTO)

Siyasət Materials 9 Aprel 2013 23:21 (UTC +04:00)
Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun yekun işçi şam yeməyi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Prezident İlham Əliyev: Trans-Avropa şəbəkələrinin yaradılması, Avropa nəqliyyat əlaqələrinin genişləndirilməsi Azərbaycanın prioritetlərinə daxildir (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Aprelin 8-də Bakıda keçirilən Dünya İqtisadi Forumunun yekun işçi şam yeməyi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.

Tədbirin aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi zamanı gün ərzində keçirilən sessiyaların nəticələrinin müzakirə olunacağını bildirərək dedi:

"Bütün bu müzakirələrin və fikirlərin məqsədi regionda mövcud olan potensial imkanlardan istifadə etmək və bu imkanları reallaşdırmaqdır. Ümid edirəm ki, biz maraqlı fikir mübadiləsi aparacağıq. Hamınız bu müzakirələrdə fəallıqla iştirak edəcəksiniz".

Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab dedi:

"Həqiqətən də çox gözəl bir gün yaşadıq. Cənab Prezident, Sizin rəhbərliyiniz altında bu qədər böyük nailiyyətlər əldə etmiş Azərbaycan gələcəkdə qlobal miqyasda ən mühüm rol oynayan mövqelərdən birini tutacaqdır. Sözsüz ki, Azərbaycan dünyanın gələcəyinə töhfə verən ölkələrdən biridir. Biz bu gün Sizin təkliflərinizi, fikirlərinizi eşidəcəyik. Buna görə Sizə təşəkkür edirəm.

Sizə vəd edə bilərəm ki, Dünya İqtisadi Forumuna gəldikdə, biz bu ölkədə, bu regionda fəaliyyətimizi davam etdirəcəyik. Yəni, cənab Prezident, Siz 7 dəfə Davosda, bizim iclaslarda iştirak etmisiniz və bu ənənəni başlamısınız. Bu ənənəni biz də davam etdirəcəyik. Mən Sizin hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu görüşün baş tutmasına öz töhfəsini vermiş bütün tərəflərə təşəkkürümü bildirirəm. Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istərdim. Biz öz tərəfdaşlarımıza təşəkkür edirik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təşəkkür edirəm. ARDNŞ ilə Forum çərçivəsində əməkdaşlıq etməkdən son dərəcə məmnunuq. Eyni zamanda, bizə böyük qonaqpərvər münasibət göstərdiyinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Hörmətli Prezident, təşəkkür edirəm. Hörmətli iştirakçılar, hamınıza təşəkkür edirəm"

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ölkəmizlə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq dedi:

"bp və onun tərəfdaşları Azərbaycanda 20 il əvvəl investisiyalar yatırmağa başlamışdır. O vaxtdan bəri həqiqətən də tam sabitlik təmin edilmişdir və həmin dövrdə imzalanan sazişlərin heç birinə dəyişiklik edilməmişdir. Hasilatın pay bölgüsü sazişində heç bir dəyişiklik olunmamışdır. Bu mənada əminəm ki, neft və qaz sektorunun əsas investorlarını maraqlandıran bir nömrəli sabitlik məsələsi Azərbaycanda gələcəkdə də hökm sürəcəkdir. Tərəflərin qarşılıqlı etibar şəraitində dialoq aparması və investorların, qəbul edən ölkənin məqsədlərini tam anlamasına imkan verən bir dialoqun olması çox vacibdir.

Neft və qaz sektoru, ümumiyyətlə, çox mürəkkəb sektordur. Bu sahədə ən yeni texnologiyalar tələb olunur və bunun üçün işçi heyət də ən yüksək standartlara uyğun təlim keçməlidir ki, bu avadanlıqdan istifadə edə bilsin. Qeyd edim ki, son 8-10 il ərzində 700-dən çox azərbaycanlı mühəndis, texniki işçi təlim keçmişdir. Dənizdəki yataqlarda ən müasir avadanlığı işlədənlərin 95 faizi azərbaycanlılardır. Onu da deyim ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokuna yatırılan investisiyamızı davam etdirməyə hazırıq. Bu, çox böyük ehtiyatlara malik yataqdır. Ancaq ehtiyatların çıxarılması üçün böyük investisiyalar tələb olunur. Biz bu istiqamətdə işimizi davam etdirə bilərik. "Şahdəniz-2" yatağının uğurla işlənilməsi çox vacibdir. Bu, həm investorların, həm də Azərbaycan hökumətinin gözləntilərinə uyğun gəlir. Deyə bilərəm ki, ARDNŞ ilə əməkdaşlıq sayəsində biz bu il investisiya ilə bağlı çox mühüm və uğurlu bir qərar qəbul etmişik.

Sonda demək istərdim ki, yeni layihələrə, yeni kəşfiyyat layihələrinə investisiyaların yatırılması çox vacibdir. Biz, həmçinin yeni hasilatın pay bölgüsü sazişi imzalamışıq və Azərbaycanda fəaliyyət göstərən digər potensial investorlarla birgə ilk kəşfiyyat quyularının qazılmasına başlayacağıq".

Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Salnikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını bildirərək dedi:

"Xanımlar və cənablar, bu imkana görə təşəkkür edirəm. Mən Rusiya Prezidentinin və Baş nazirinin dəstəyi ilə yaradılmış Rusiya Birbaşa İnvestisiyalar Fondunu təmsil edirəm.

Bu il Rusiyanın "Böyük 20-lik"ə sədrliyi çərçivəsində Birbaşa İnvestisiyalar Fondu xüsusi işçi qrupa həmsədrlik edir. Bu qrup praktiki tövsiyələr irəli sürmək və çox kritik məsələlərin, qlobal biznes məsələlərinin həllini tapmaq üçün qlobal biznes liderlərini birləşdirir. Bu gün toxunulan məsələlərin çoxu irəli sürdüyümüz tövsiyələrə tam uyğun gəlir. Bunlar işçi qrupun üzərində işlədiyi üç əsas istiqamət - kapitalın rahat axınına mane olan problemlərin müəyyən edilməsi və aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrdə investisiyaların stimullaşdırılması və investisiyalardan səmərəli istifadənin təmin edilməsidir".

York Hersoqu, şahzadə Endryu Forumun insan kapitalı bölməsində müzakirə olunan məsələlər barədə məlumat verdi. Fikir mübadiləsinin əsasən regionda sahibkarlığın inkişafı və yeni layihələrə sərmayə qoyuluşu mövzuları ətrafında aparıldığını vurğulayan şahzadə Endryu dedi:

"Biz belə bir nəticəyə gəldik ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı bu gün səhər cənab Prezidentin dediyi kimi, əsas məqsədlərə nail olmaq üçün çox önəmlidir. Neft-qaz sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi çox vacibdir. Biz elə bir nəticəyə gəldik ki, bunun tətbiq edilməsi üçün bir sıra mühüm şərtlər vardır. Bunlardan biri telekommunikasiyalardan və genişzolaqlı internetdən istifadəni təmin etməkdir. Digər vacib şərt sahibkarların təhsili və bacarığıdır. Bundan başqa, istehlak yönümlü bazarı və bütövlükdə bazar iqtisadiyyatını izləmək vacibdir.

Bizim müzakirələrdə gənclərə bu sahədə öz istedad və bacarıqlarını nümayiş etdirməyə şərait yaradılması da diqqət mərkəzində oldu. Gənclər çox yaradıcı, XXI əsrin tələblərinə uyğun olmalıdırlar. İnsanlar və hökumətlər təhsil sisteminin islahatı baxımından innovativ olmalıdırlar. Bizim ümumi nəticəmiz o oldu ki, kiçik başlanğıclardan böyük nailiyyətlər əldə edilə bilər".

Üzvü olduğu işçi qrupda müzakirə olunan məsələlər barədə danışan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Əliyev dedi:

"Cənubi Qafqaz və Mərkəzi Asiya nadir regiondur, Şərq, Qərb, Şimal və Cənub arasında əlverişli coğrafi mövqeyə malikdir. Biz sessiyamızın əvvəlində regionda nəqliyyatın və ticarətin təkmilləşdirilməsi barədə danışdıq. Təqdimatdan sonra qərara aldıq ki, bu regionda əsas məsələ tranzit nəqliyyatının artırılması və ticarətin təşviq edilməsi olmalıdır. Həm region daxilində, həm regiondan kənarda, eyni zamanda, yol və logistika sektoruna investisiyalar barədə müzakirələr apardıq. Sonra sərhədlərdə əngəllər, süründürməçilik və bürokratiya, nəhayət, nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi barədə geniş fikir mübadiləsi oldu.

Daha sonra gömrük məsələləri müzakirə olundu. Gömrük fiskal qanunvericiliyin tətbiqi və digər fəaliyyətlərlə məşğuldur. Gömrük ölkələr arasında körpüdür. Gömrük nəzarəti ölkələr üçün çox önəmlidir. Gömrük həm də büdcə üçün vəsait toplayır. Biz narkotiklərin qaçaqmalçılığı və digər məsələlərin müzakirəsindən sonra qərara aldıq ki, gömrük sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, müasir standartlar səviyyəsində gömrük xidmətlərinin göstərilməsi bu qurumun işinin modernləşməsindən və müxtəlif ölkələr arasında gömrük münasibətlərinin səmərəli qurulmasından çox asılıdır".

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

"Sizin hamınızı bir daha ölkəmizdə salamlamaq istəyirəm. Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm. Mən professor Şvaba Dünya İqtisadi Forumunu Bakıda keçirmək qərarını qəbul etdiyinə, Azərbaycanın inkişafı ilə bağlı söylədiyi xoş sözlərə və şərhlərinə görə bir daha xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Bu gün panel iclaslarda çox maraqlı müzakirələrimiz oldu. Bizə belə bir məlumat daxil olub ki, müzakirə edilən mövzulara çox böyük maraq vardır. Əminəm ki, həmin müzakirələrin nəticələri biznes dairələri, siyasi liderlər və regionumuzun nümayəndələri arasında daha yaxşı anlaşma yaradacaqdır. Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm ki, gələn illər ərzində biz bu müzakirələrə daha çox diqqət ayıracağıq və onlar, eyni zamanda, ideyaları formalaşdırır, rəyləri və gözləntiləri, o cümlədən narahatlıq doğuran, bəzən məyus edən məsələləri söyləmək üçün mühit yaradır. Lakin regionda müşahidə olunan əsas meyl inteqrasiya və əməkdaşlıqdır", deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının sözlərinə görə, bu gün qaldırılan məsələlərin hamısının Azərbaycana bağlılığı vardır.

"Xəzər dənizinin enerji resursları barədə danışdıqda, aydındır ki, Xəzər regionunda müasir mərhələdə enerji resurslarının işlənilməsində ilk cərgədə gedən Azərbaycan ilə bp şirkətidir. Bu şirkət əsas strateji tərəfdaşımızdır. Bu tərəfdaşlıq 20 ildən artıqdır ki, davam edir. Bu şirkət neft və qaz konsorsiumuna rəhbərlik edir. Dünyanın bir çox yerlərindən olan enerji şirkətləri bu konsorsiumda geniş şəkildə təmsil olunur. Əlverişli sərmayə mühiti, lazımi hüquqi təminat, "bp-Azərbaycan" şirkətinin rəhbərinin qeyd etdiyi kimi, müqavilələrdən heç biri nəinki yenidən nəzərdən keçirilməmiş, hətta onların mətnində heç bir bənd belə dəyişdirilməmişdir. Çünki bütün müqavilələr parlament tərəfindən qanun kimi qəbul olunur və Prezidentin fərmanı ilə qanuni qüvvəsini alır. Heç kəs bunları dəyişə bilməz. Bu, rahatlığı, proqnozlaşdırmanı və sabitliyi yaradır.

1990-cı illərin əvvəllərində Azərbaycan üçün yeganə inkişaf yolu və öz müstəqilliyinin gücləndirilməsi siyasi və iqtisadi islahatlardan, sərmayələrin yatırılmasından keçirdi. Biz ölkəmizin ən ağır anlarında bizimlə olmuş, Azərbaycana sərmayə qoymuş, etimad göstərmiş tərəfdaşlarımıza və dostlarımıza olduqca minnətdarıq. Onlar bu gün də ölkəmizi dəstəkləməkdə davam edir.

Neft-qaz sahəsində əldə etdiyimiz olduqca müsbət təcrübəmiz əsasında söyləyə bilərik ki, biz Azərbaycanda dəyişiklik edib, qeyri-enerji sektorunu yaratdıq. Bu səhər mən bu haqda artıq bir neçə söz söylədim. Özəl sektora, sahibkarlığa göstərilən dəstək xarici və yerli sərmayələrin təşviqi bu gün prioritetlərdən birini təşkil edir", deyə dövlət başçısı çıxışında qeyd edib.

Prezidentin sözlərinə görə, iyirmi bir il əvvəl Azərbaycan müstəqilliyini yenicə əldə etdiyi zaman bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır faiz idi.

"Bu gün isə bu göstərici 83 faizdir. Bu, bazar iqtisadiyyatına yönələn islahatların yaxşı göstəricisidir. Başqa sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Hazırda Azərbaycanda qeyri-enerji sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, neft-kimya sahələrində geniş imkanlar açılır.

Ölkəmizin davamlı inkişafını təmin etmək üçün sərmayələrə ehtiyac duyulan sahələrə investisiyaları cəlb etmək məqsədi ilə dövlət strategiyası vardır. Hamımız bilirik ki, neft və qaz müvəqqətidir. Biz, nəinki neft və qaz erasından sonrakı dövrə hazırlaşırıq, - baxmayaraq ki, bu, hələ ən azı 100 ildən sonra baş verəcək, - o cümlədən neft və qaz gəlirlərini qeyri-enerji sektorunun inkişafı, insan kapitalı və təhsil üçün istifadə edirik. Gənc nəsil bundan bəhrələnir. Bu gün Azərbaycanda və xarici ölkələrdə yaxşı təhsil almış gənclər ölkəmizdə mühüm biznes fəaliyyəti ilə məşğuldurlar və Azərbaycanın davamlı inkişafına töhfə verirlər.

Bu gün qaldırılmış məsələlər arasında daşıma sahəsi də qeyd edildi. Bu, həmçinin çox vacibdir. Bizim əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə daşıma infrastrukturuna, boru kəmərlərinə, yollara, dəniz və hava limanlarına sərmayənin qoyuluşu regionda xüsusi mühit yaradır. Beləliklə, Azərbaycan regionun nəinki coğrafi, həmçinin logistika mərkəzinə çevrilir. Dəmir yolu xətti ilə bağlı irəli sürdüyümüz layihə, boru kəməri infrastrukturu ölkəmizin, eləcə də qonşularımızın rifahına xidmət edir. Bu gün Forumda səsləndirilən əsas ideya regional əməkdaşlığı necə təşviq etməklə bağlı idi", deyə İlham Əliyev söyləyib.

Prezident bildirib ki, Azərbaycan regional əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdır.

"Çünki regional əməkdaşlıq olmadan biz heç bir uğur əldə edə bilmərik. Ölkəmizin açıq dənizə çıxışı yoxdur, lakin nəhəng karbohidrogen ehtiyatları vardır. Əgər boru kəmərləri olmasaydı, bu ehtiyatlar bir əsr də suyun altında qalardı. Regional əməkdaşlıq, qonşularımızın dəstəyi və bizim onlara göstərdiyimiz dəstək olmadan heç bir uğur qazanıla bilməzdi. Eyni sözləri daşıma sahəsinə də aid etmək olar.

Bu regional əməkdaşlıq islahatlara sərmayə qoymaq imkanı yaradır. Bunun nəticəsində iqtisadiyyatımız dəyişir, davamlı inkişafımız üçün əsaslar yaranır. Ən vacibi budur. Bazar iqtisadiyyatı, güclü siyasi sistem, sabitlik, sərmayələr, insan kapitalına investisiyalar və davamlı inkişaf vacibdir. Hazırda biz davamlı inkişaf haqqında çox danışırıq. Biz dəyişikliklər haqqında söhbət açırıq. Hesab edirəm ki, Azərbaycan bunun necə baş verməsinin nümunəsi ola bilər. Nəticələr göz qabağındadır. Bəli, gələcəkdə görüləcək işlər çoxdur. Biz islahatlara, siyasi təsisatların inkişafına, hüquqi çərçivəyə, qanunun aliliyinə daha çox diqqət yetirməliyik.

Dünyadakı dostlarımızın, dünyada bir nömrəli Forum hesab edilən, siyasətçiləri, dünya liderlərini, biznes elitanı bir araya gətirən Dünya İqtisadi Forumunun dəstəyi ilə biz böyük nailiyyətləri əldə edə bilərik.

Mən bir daha professor Şvaba 7 il əvvəl Azərbaycanı Davosda iştiraka dəvət etdiyinə, özümüzü təqdim etməyə və əlaqələri qurmağa imkan yaratdığına, xüsusi əməkdaşlıq mühitini yaratdığına və Dünya İqtisadi Forumunun Bakıda keçirmək qərarına görə təşəkkürümü bildirmək istəyirəm. Əziz dostlar, bir daha çox sağ olun. Sizə xoş axşam arzulayıram", deyə İlham Əliyev çıxışının sonunda deyib.

Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirən, ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold bu sahədə Azərbaycanın təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayaraq dedi:

"Bugünkü müzakirələrdə çox maraqlı fikirlər eşitdim. Mən aşkar etdim ki, biz burada həqiqətən dostlarımızın arasındayıq. Bu Forumdan həqiqətən çox şey götürdük, çox şey öyrəndik.

Ölkəmizin elə də çox təbii resursları yoxdur. Biz ölkə daxilində əldə olunmayan, ehtiyac duyulanları cənub qonşularımızdan əldə edə və istehsal etdiklərimizi şimal qonşularımıza ixrac edə bilərik. Ancaq vaxt gələcək ki, biz də iqtisadi şaxələndirmə yolunu seçəcəyik.

Bu gün insanlarımızın həyatını yaxşılaşdırmağa və bu həyatı daha da mükəmməl etməyə ehtiyac vardır. Azərbaycanın nümunəsi, Azərbaycanın timsalı həqiqətən təqdirəlayiqdir. Çox sağ olun, cənab Prezident. Həqiqətən çox müdrik və ümidverici fikirlərinizi dinlədik. Həqiqətən də hər bir iştirakçı, təmsil olunan hər bir ölkə üçün imkanlar çox saydadır.

Mən bu regiona Cənubi Qafqaz və Mərkəzi Asiya, üstəgəl Monqolustan regionu deyərdim. Mən buraya öyrənmək, eyni zamanda, öz təcrübəmizi bölüşmək məqsədilə gəlmişəm. Eyni zamanda, buraya gəlişimin məqsədi təəssüratlarımı Azərbaycandan olan tərəfdaşlarla bölüşmək və onları Monqolustana dəvət etməkdir. Onlar bizdən xeyli qabaqdadırlar. Yəni, Azərbaycanda neft, bizdə isə mis, kömür və digər resurslar vardır. Biz sizi ölkəmizlə əməkdaşlığa dəvət edir və real tərəfdaşlıq etməyə çağırırıq.

İki həftə bundan əvvəl mən icraçı sədr, professor Şvab ilə anlaşma memorandumu imzaladıq. Eyni formatda olan bir konfrans sentyabrda Monqolustanda keçiriləcəkdir. Ümid edirəm ki, beş aydan sonra siz burada da əldə etdiyiniz biliklərinizi və təcrübənizi bizim ölkə nümayəndələri ilə bölüşəcəksiniz. Biz hamımız burada gördük ki, ortaq məqamlarımız çoxdur, yəni tarix, mədəniyyət və sair. Heç bir regionu təmsil etmədən mən öz regionumu tapmışam. Bu region Bakıdan başlayır və Ulan-Batora qədər davam edir. Sentyabrda bu tədbir Ulan-Batorda davam edəcəkdir. Hamınızı dəvət edirəm".

Litvanın Baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına minnətdarlığını bildirdi və müzakirə olunan mövzuların aktuallığına toxundu. Forumda iştirak etməkdən şərəf duyduğunu bildirən Baş nazir Alqirdas Butkeviçius Azərbaycanın bu tədbirə layiqincə ev sahibliyi etdiyini diqqətə çatdıraraq dedi:

"Hesab edirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya haqqında bu müzakirələr çox önəmlidir. Bu müzakirə öz başlanğıcını yanvarda Davosdan götürmüşdür.

Azərbaycan strateji mövqeyi ilə Cənubi Qafqazda lider rolunu oynayır. Hesab edirəm ki, strateji dialoqun təşkil olunması üçün bu, çox yaxşı düşünülmüş bir seçimdir. Avropanın və Mərkəzi Asiyanın əsrlər boyu davam edən əlaqələri hər iki regionu zənginləşdirmişdir. Biz bu əlaqələrdən indi də insanların rifahı və cəmiyyətin yaxşılaşdırılması üçün istifadə etməliyik.

Avropa İttifaqının Mərkəzi Asiya üçün strateji tərəfdaşlıq layihəsi mövcuddur. Biz bu imkandan istifadə edərək bir tərəfdən Qərbi Avropa və Skandinaviya, digər tərəfdən Cənubi Qafqaz və Mərkəzi Asiya əlaqələrini təmin etməliyik. Bu, Litva üçün də prioritetlərdən biridir. Litva qlobal iqtisadi meyillərə cavab verərək qlobal təchizat zəncirinə hazır olmalıdır. Trans-Avropa şəbəkələrinin yaradılması, Avropa nəqliyyat əlaqələrinin genişləndirilməsi, avrostruktur layihələrə investisiyaların yatırılması, Baltik və Qara dəniz regionlarını birləşdirən nəqliyyat layihələrinin hamısı mənim təmsil etdiyim hökumətin prioritetlərinə daxildir. Əlbəttə ki, Mərkəzi Asiya regionu Avropa üçün enerji təhlükəsizliyi baxımından çox önəmlidir. Mərkəzi Asiya, Xəzər regionlarında və Cənubi Qafqazda dialoqun inkişaf etdirilməsi, ümumiyyətlə, Avropa İttifaqı üçün enerji təhlükəsizliyi imkanlarını genişləndirir.

Sonda onu qeyd etmək istərdim ki, Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə enerji, ticarət və iqtisadi əlaqələri genişləndirmək üçün çox böyük potensial mövcuddur. Bu potensialdan gələcəkdə də istifadə etmək lazımdır.

Xanımlar və cənablar, mənim üçün burada olmaq, sizin qarşınızda çıxış etmək, fikirlərimi sizinlə bölüşmək böyük şərəfdir.

Mən istərdim ki, bu Foruma çox gözəl ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinə xüsusi təşəkkürümü bildirim".

Tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Albaniyanın Baş naziri Sali Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın mühüm regional layihələrə imza atmasına böyük ehtiram bəslədiyini vurğulayaraq dedi: "Cənab Prezident, gözəl qonaqpərvərliyinizə görə ilk növbədə mən istərdim Sizə təşəkkür edim. Cənab Prezident, cənab Baş nazirlər, hörmətli dostlar.

Azərbaycan doğrudan da çox maraqlı, ilhamverici bir ölkədir. Forum da gözəl, əla təşkil edilmişdir. Bu Forumda biz əsasən regional əməkdaşlıq haqqında danışdıq. Regional əməkdaşlıq sülhün, sabitliyin, rifahın və yaxşı qonşuluğun təşviq edilməsi üçün ən yaxşı yol kimi sübut edilmişdir. Biz burada Azərbaycan Respublikasının və Azərbaycan Hökumətinin qarşısında baş əyməliyik. Ona görə ki, o qədər də sakit olmayan bir regionda onlar cəsarətli qərarlar vermişlər, çox önəmli regional layihələrə imza atmışlar və onlar indi bütöv Avropa üçün çox önəmli enerji qərarları astanasındadırlar. "Şahdəniz" konsorsiumu tərəfindən veriləcək bu qərar çox böyük bir ərazinin enerji təhlükəsizliyinin gələcəyini təmin edəcəkdir.

Xanımlar və cənablar, Albaniya kiçik bir ölkədir. Lakin ölkənin çox böyük potensialı vardır. Mənim ölkəm əvvəllər keçmiş kommunist rejimində çox pis vəziyyətdə olmuşdu. Bizim ölkə Avropanın demək olar ki, ən yoxsul ölkəsi idi. İnfrastruktur tam dağılmış bir vəziyyətdə idi. Amma son 21 il ərzində ölkəmizdə ümumi daxili məhsul 11 dəfə artmışdır. Bu artım, ilk növbədə, islahatlar hesabına əldə edilmişdir. Biz vergiləri azaltdıq, dövlət mülkiyyətini tamamilə özəlləşdirdik, iqtisadiyyatı tam liberallaşdırdıq. Baxmayaraq ki, əsas tərəfdaş ölkələrimiz İtaliya və Yunanıstanda böyük problemlər yaşanırdı, biz bundan əziyyət çəksək də artımımızı davam etdirdik. Biznes mühitinin yaxşılaşdırılması nəticəsində birbaşa xarici investisiyalar 340 faiz artmışdı. Yenə də ölkə bir çox məhdudiyyətlərlə üzləşir. Bizim bank sistemimiz tam olaraq avrozonaya daxil olduğundan əmanətlərimizin 50 faizini investisiya etmişlər. Biz hazırda bank sistemimizi şaxələndirməliyik.

Albaniyada çox güclü təbii potensial vardır. Su elektrik stansiyalarının tikilməsi çox geniş vüsət almışdır. 2007-ci ildə biz xüsusi qanun qəbul etmişik və həmin ildən bəri 360 su elektrik stansiyasının tikilməsi haqqında müqavilələr bağlamışıq. Norveç, İtaliya, Almaniya, ABŞ, Türkiyə, İsrail şirkətləri su elektrik stansiyalarının tikilməsi ilə məşğuldurlar. Sizin ölkənin investorlarını da qarşılamağa hazırıq. Albaniya "Avropanın Himalay"ı adlandırılır. Dağlarımızda çox füsunkar mənzərələr vardır. Bizim dağlara investisiya qoyan hər bir sahibkar vergilərdən 7 il ərzində azad ediləcəkdir.

Bir daha, cənab Prezident, qonaqpərvərliyinizə görə Sizə ürəkdən təşəkkürümü bildirirəm. Mən doğrudan da, bu regionun əməkdaşlıq görüntüsündən ilham aldım. Çox sağ olun. Təşəkkür edirəm".

Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirdi ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səsləndi. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende dedi ki, bu, Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olmuşdur. Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edən Borge Brende dedi:

"Forumun bu ölkədə keçirilməsinə və son dərəcə qonaqpərvər münasibətə görə dərin təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, həqiqətən çox məhsuldar və stimullaşdırıcı bir gün idi. Biz real ssenarilərin hazırlanması ilə başladıq. Dünyanın ən maraqlı regionlarından biri üçün alternativ ssenarilər yaratdıq.

Məsələn, bu görüşə qədər mən heç bilmirdim ki, son on il ərzində xaricə birbaşa investisiyalar on dəfə artmışdır. Yəni, söhbət bu regiondan gedir. Mən bilmirdim ki, Azərbaycanın və Qazaxıstanın maliyyə ehtiyatları son on il ərzində 15 dəfə artıb. Bu, o deməkdir ki, burada müdrik liderlik, strateji rəhbərlik vardır. Ancaq bu, həm də o deməkdir ki, bizim hələ də üzləşdiyimiz çətinliklər, çağırışlarla bağlı yaxşı ölçülüb-biçilmiş strategiyalar və siyasi qərarlar qəbul edilməlidir. Sözsüz ki, bu, prosesin başlanğıcıdır. Bu Forum bu region üçün strateji tədbirlərin ssenarilərinin hazırlanması üçün yaxşı platformadır. Ümid edirəm ki, Bakıda keçirilən Dünya İqtisadi Forumu bu regionun çiçəklənməsinə müəyyən töhfə verəcəkdir. Çox sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti