...

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Siyasət Materials 26 Aprel 2013 18:20 (UTC +04:00)
Bu gün Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Can Sucun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib. Bu barədə Trend-ə Azərbaycan Ədliyyə Nazirliyindən məlumat verilib.
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu gün Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Can Sucun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib. Bu barədə Trend-ə Azərbaycan Ədliyyə Nazirliyindən məlumat verilib.

Çin nümayəndə heyəti ilə görüşdə ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında hüquqi əlaqələrin inkişafının müsbət dinamikasını qeyd edib, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyini, əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb. Qonağa ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib.

Xalqlarımız arasında qədim tarixə malik dostluq əlaqələrinin inkişafını qeyd edən qonaq ölkəmizə etdiyi ilk səfəri zamanı hərtərəfli dinamik tərəqqinin şahidi olduğunu vurğulayıb, dünyada hökm sürən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan və Çin iqtisadiyyatının daim inkişaf etdiyini qeyd edib. Can Sucun bu səfərə böyük əhəmiyyət verdiyini qeyd edib, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərini dəstəklədiklərini bildirirək, Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkə kimi tanındığını vurğulayıb, buna misal kimi ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasını gətirib. Qonaq ölkəmizdə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına böyük təkan olacağını söyləyib.

Söhbət zamanı nümayəndə heyətinin diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla bağlı BMT qətnamələrinin hələ də yerinə yetirilməməsi faktına cəlb edilib. Qonaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Çinin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni sazişin imzalanma mərasimi keçirilib. Mərasimdə qeyd olunub ki, bu mühüm sənəd hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafına, nümayəndə heyətlərinin, habelə hüquqi məsələlərə və qanunvericiliyə dair məlumatların mübadiləsinə, birgə tədris tədbirlərinin təşkilinə, təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığın təşviqinə xidmət edəcək.

Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti