...

Elnur Aslanov: "İrəli" İctimai Birliyi Prezident İlham Əliyevin kursunun həyata keçirilməsinə töhfə verməkdə davam edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyun 2013 20:15 (UTC +04:00)
Azərbaycan gəncləri seçkilərdə ölkənin gələcəyini müəyyənləşdirməklə öz gəncliyini müəyyənləşdirirlər. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "İrəli" İctimai Birliyinin 3-cü hesabat konfransında çıxışı zamanı bildirib.
Elnur Aslanov: "İrəli" İctimai Birliyi Prezident İlham Əliyevin kursunun həyata keçirilməsinə töhfə verməkdə davam edəcək (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 17:36-da yayılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"İrəli" İctimai Birliyinin fəaliyyəti bundan sonra da uğurlu olacaq və Prezident İlham Əliyevin kursunun həyata keçirilməsinə töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "İrəli" İctimai Birliyinin 3-cü hesabat konfransında çıxışı zamanı bildirib.

Aslanov xatırladıb ki, "İrəli" təşkilatı 2005-ci ildə yaradılan zaman belə böyük deyildi.

PA rəsmisi qeyd edib ki, "İrəli"nin təsisçiləri Azərbaycan cəmiyyətini və gənclərini respublikada aparılan quruculuq işləri, habelə sosial-humanitar yönümlü yeni ideya və layihələrin həyata keçirilməsi haqqında məlumatlandırmaq missiyası ilə fəaliyyət göstərirdilər.

Aslanovun sözlərinə görə, "İrəli" təşkilatı yaradıldığı dövrdə olduğu kimi, hazırda da milli ruhda novator ideyaların önə çəkilməsinə yardım edir ki, bu da Birliyin sıralarına 30 minə yaxın gənc vətəndaşın cəlb edilməsinə imkan yaradıb.

İctimai Birlik yüzlərlə və minlərlə yeniyetmə üçün böyük bir ailəyə çevrilib.

Aslanov bildirib: "Bir neçə gündən sonra Milli Qurtuluş Gününü qeyd edəcəyik. Və hazırda bu zalda iştirak edənlər "Qurtuluş" nəslinin nümayəndələridir. Bu nəsil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi dahiliyi sayəsində sələflərindən fərqli olaraq, tamamilə başqa mühitdə yaşayırlar. Ölkənin vətəndaş müharibəsi astanasında olduğu təlatümlü 90-cı illərin əvvəlləri həmişəlik yox oldu. Mən əminəm ki, sizə - müasir güclü dövlətin gənclərinə tarix dərsliklərindən və valideynlərin söhbətlərindən Azərbaycanın həmin dövrdəki vəziyyəti - müharibənin faciəsi, iqtisadi böhran, daxili çəkişmələr və xarici siyasətin iflası tanışdır. Günümüzdə bu hisslər radikal müxalif qüvvələrin yalnız bir növ "vizit kartı"na çevrilib. Bu radikal müxalif qüvvələr Azərbaycanın müstəqilliyinin ilk dövrlərində gələcəyimizi zərbə altına qoymaqla öz mənfəətpərəst maraqları naminə ölkəni idarə edirdilər".

Onun sözlərinə görə, "İrəli" yarandığı zaman 2005-ci ildə bəziləri Azərbaycana siyasəti müxtəlif rənglərə boyamaqla siyasi inkişafın yad ssenarilərini idxal etməyə çalışırdlar.

PA rəsmisi deyib: "Lakin həmin qeyri-müəyyən ssenarilərə Azərbaycanda yer yoxdur və olmayıbdır. Bizim Prezident İlham Əliyevin həyata keçirdiyi öz vahid planımız, strategiyamız var. Məhz bu plan və strategiya sayəsində dünyanın daha uğurla inkişaf edən ölkələri sırasına daxilik. Bu planın əsasında Azərbaycanı inkişaf etdirmək, Azərbaycan torpaqlarını qaytarmaq, Azərbaycan vətəndaşlarının firavan həyatını təmin etmək dayanır. Məhz buna görə də hazırda sözün əsl mənasında müstəqil dövlətik".

Onun sözlərinə görə, hazırda bir çox dövlətlər dünya iqtisadiyyatının çətin inkişaf dövründə heç də yaxşı günlərini keçirmir, halbuki Azərbaycan indiki dövrdə qeyri-enerji sektorunun perspektivli sahələrində milli rəqabətədavamlılığın əsaslarını inkişaf etdirir.

PA-nın şöbə müdiri deyib: "Ölkəmiz ən qabaqcıl texnologiyaları tətbiq edərək yeni, daha səmərəli müəssisələr yaratmaqla dünya iqtisadiyyatında yeni bazarları mənimsəyir. Belə yanaşma Azərbaycanın müasir inkişafının ideologiyasının ayrılmaz tərkib hissəsi və ən yaxşı antiböhran siyasətlərindən biridir".

Eyni zamanda, Aslanov qeyd edib ki, Azərbaycan son illər tamamilə yeni dövlətə çevrilib.

Aslanov bildirib: "Ümummilli liderin dediyi kimi, "gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Və hazırda siz Azərbaycan gəncləri dinamik inkişafın bariz nümunəsini görürsünüz. Bir tərəfdən, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlərindən biridir, digər tərəfdən, nüfuzlu beynəlxalq təşkilatlarda mühüm yer tutan, Şərqlə Qərbi birləşdirən, Şimalla Cənub arasında çox önəmli rol oynayan enerji və nəqliyyat dəhlizləri rolunu üzərinə götürən bir dövlətdir".

Onun sözlərinə görə, Azərbaycan artıq xarici kreditləri cəlb edən ölkə deyil, respublika dövlətlərə kredit verən donor ölkəyə çevrilib.

PA rəsmisi deyib: "2003-2013-cü illər ərzində görülən işləri təhlil etsək, qeyd etmək olar ki, Azərbaycanın dövlət büdcəsi 2003-cü ildə cəmi 2 milyard manat təşkil etdiyi halda, bu gün 24 milyard manata yaxın rəqəmə malikik. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM cəmi 896 dollar təşkil edib, hazırda bu gsötərici 7490 dollardır. Eyni zamanda, Azərbaycana qoyulan investisiyaların həcmi son onillikdə 130 milyard manat olub. Azərbaycan vacib və çox iri layihələrin təşəbbüskarıdır".

Aslanovun sözlərinə görə, Bakının iştirakı olmadan regionda heç bir siyasi və ya iqtisadi layihə həyata keçirilə bilməz. O, nümunə qismində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin uğurla həyata keçirilməsini, TANAP layihəsini, həmçinin Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun yaxınlarda istismara veriləcəyi faktını göstərib.

PA rəsmisi bildirib: "Bütün bunlar Azərbaycanın strateji əhəmiyyətini göstərir. Azərbaycanın gələcəyi gənclərdədir. Bugünkü Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Ölkəmiz tolerantlığın nümunəsi və xeyli sayda beynəlxalq tədbirlərin keçirildiyi mədəniyyətlərarası dialoq mərkəzidir".

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, gənclərin fəallığı və intellektual inkişafı çox vacibdir.

Aslanov qeyd edib ki, uğurlarla yanaşı, problemlər də mövcuddur. O, ən başlıca problemin isə Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib: "Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesini davam etdirməyə hazırıq. Lakin nəticə olmadığı halda, Azərbaycan silah gücünə də olsa öz torpaqlarını geri qaytaracaq. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və belə olaraq da qalacaq".

Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatını 80 faizini təşkil edir. Respublika regional lider qismində Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır.

Aslanov deyib ki, qarşıdakı seçkilərdə Azərbaycanın inkişafı və işıqlı gələcəyi üçün mümkün olan hər şeyi edən insan - İlham Əliyevin namizədliyini dəstəkləmək çox vacibdir: "Yəni siz ölkənin gələcəyini müəyyənləşdirməklə öz gələcəyinizi müəyyənləşdirirsiniz".

Qeyd edək ki, konfransın sonunda bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti