...

Çarlz Kapçan: ABŞ Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

Siyasət Materials 13 Yanvar 2016 15:26 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ölkəmizin müstəqilliyinin ilk illərindən Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını nəzərə çatdırıb.

Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən Ç.Kapçan ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barədə məlumat verərək, münaqişənin həlli və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti