Bakı. Trend:
Müdafiə Sənayesi Nazirliyində (MSN) 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclası açan müdafiə sənayesi naziri Y.Camalov 2015-ci ilin MSN üçün də yaddaqalan il olduğunu bildirib. Qeyd edib ki, ötən ay yaradılmasının 10 illiyi qeyd olunan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib. Məmulatların yaradılması istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində yüzlərlə məhsulun mənimsənilməsinə və silahlanmaya qəbul edilməsinə nail olunub. Nəticədə 2015-ci ilin yekunlarına görə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb.
2015-ci ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilib. 7 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib, silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə, mövzular üzrə 45 mərhələ tam yerinə yetirilib. Ötən ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılıb və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilib.
2015-ci ildə ümumi məhsul istehsalının həcmi 2010-cu illə müqayisədə 3,1 dəfə, müdafiə təyinatlı məmulatların istehsal həcmi isə 2,3 dəfə artıb. Mülki məmulatların istehsalında illik proqnoza 106,1 faiz əməl olunub. İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. MSN bu günə qədər 15 beynəlxalq sərgidə təmsil olunub. Nazirliyin təmsil olunduğu digər beynəlxalq sərgilərdə olduğu kimi, ötən ilin may ayında Türkiyədə keçirilən "İDEF-2015" sərgisində də nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb. Bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 184 adda məmulat nümayiş etdirilib.
Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək "ADEX-2016" ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.
MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur.
Qeyd olunub ki, bu gün nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məmulatlara artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edən qrumların sayı artmaqda davam edir.
2015-ci ildə də MSN-in Elmi Tədqiqat İnstitutu və Milli Aerokosmik Agentliyi tərəfindən yeni növ müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılıb.