...

Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil (YENİLƏNİB)

Siyasət Materials 24 May 2019 15:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.

Z.Əsgərov bildirib ki, ermənilər Qafqazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: “Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?”.

Z.Əsgərov bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələr qəbul ediblər:

“Çox təəssüf ki, bu günə qədər bu qərarlar yerinə yetirilməyib, çünki Azərbaycana qarşı münasibətdə ikili standartlar var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmalıdır. Lakin 30 ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Məgər Ermənistan elə güclü dövlətdir ki, BMT-nin qərarlarını yerinə yetirmir? Bu, onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar var. Bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var beynəlxalq hüquq onun tərəfindədir. Hələki belədir, gələcəkdə necə olacaq bilinmir”.

Birinci vitse-spiker ATƏT-in Minsk qrupu haqqında da danışıb: “1992-ci ildən Minsk qrupu fəaliyyət göstərir. İndi 2019-cu ildir. Bəs niyə münaqişə həll olunmur? Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ATƏT deyir ki, “bizim münaqişəni həll etmək üçün mexanizmimiz yoxdur”. Necə olur ki, BMT-nin mexanizmi var, sizin yoxdur? 30 ilə yaxındır münaqişə həll olunmur, beynəlxalq hüquq nəzərə alınmır. Deyirlər ki, status-kvo dəyişməlidir, bəs 30 il status-kvo olar?”.

Z.Əsgərov bildirib ki, nə qədər ki, Azərbaycan güclənir, inkişaf edir, Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır: “Çünki haqq güclünün tərəfindədir. Ermənilərin heç bir arqumenti yoxdur, ancaq güclü havadarları var. Ermənistanda heç vaxt sakitlik olmayacaq. Çünki onların heç bir sərvəti yoxdur, iqtisadiyyatı bərbad vəziyyətdədir. Biz status kvonun dəyişməsinin vacibliyin dəfələrlə Minsk qrupuna demişik, ancaq heç bir nəticə yoxdur. Deyirsiniz ki, münaqişəni sülh yolu ilə həll edin, necə edək? Siz niyə Ermənistana işğalçı demirsiniz? Bu qədər ikili standartlar olmaz. Azərbaycanın ərazi bütövlüyü birmənalıdır. Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əzəli torpaqlarıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti