...

Mehdi Abdullayev: Koronavirusla mübarizədə hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır

Siyasət Materials 14 Aprel 2020 12:26 (UTC +04:00)
Mehdi Abdullayev: Koronavirusla mübarizədə hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirusla mübarizədə hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mehdi Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılıb. Dövlət başçısının tapşırığına əsasən, Azərbaycanda iqtisadi sabitliyin təmin olunması, məşğulluqla bağlı problemlərin həlli, makroiqtisadi və maliyyə vəziyyətinin sabit saxlanılması məqsədilə 2,5 milyard manat vəsait ayrılıb:

“Buna qədər pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üçün dövlət başçısının sərəncamı ilə bir milyarddan artıq vəsait ayrılmışdı. Bunlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, iş yerləri müvəqqəti dayandırılmış müəssisələrdə çalışanların, həmçinin işsiz vətəndaşların rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Nazirlər Kabinetinin hazırladığı Tədbirlər Planına əsasən, 44 min sahibkarlıq subyektində çalışan 300 min nəfərdən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin, dövlət dəstəyindən 290 min nəfərdən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılması nəzərdə tutulub. Qeydiyyata düşmüş işsizlər üçün artıq birdəfəlik 190 manat ödənilməsinə başlanılıb.

Nazirlər Kabinetinin Tədbirlər Planında o da nəzərdə tutulub ki, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Bu istiqamətdə digər imtiyazlar da nəzərdə tutulub.

Bu tədbirlərin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir”.

M.Abdullayev vurğulayıb ki, bunlarla yanaşı, sosial təcrid tədbirləri nəticəsində, əhali tərəfindən elektrik enerjisi sərfiyyatı artıb:

“Bunu nəzərə alaraq, kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlət dəstəyinin yalnız bir hissəsidir və hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti