...

Deputat: İstənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik

Siyasət Materials 15 İyul 2020 15:43 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti həqiqətən də qürurverici haldır.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik əhval-ruhiyyəsi hər zaman yüksək olub:

"Təbii ki, orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi də təbii haldır. Amma təəssüf ki, gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edildi. Məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər də göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə arzuolunmaz proseslərin baş verməsi barədə dezinformasiyalar da yayıldı.

Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda paytaxtda iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına zorla girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması ilk növbədə vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda qanunlara hörmətsizlikdir. Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən xaos xalqımızın yaddaşından silinməyib. Bu gün Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Bu gün belə həssas dövrdə istənilən pozucu fəaliyyətə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirməliyik. Hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti