...

Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri

Siyasət Materials 24 Fevral 2022 22:16 (UTC +04:00)
Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri

Bakı. Trend:

2022-ci il fevralın 22-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalanmışdır.

Bəyannaməyə əsasən, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tədbiq etməmək və zor tədbiq etməklə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürmüşdür. Azərbaycan-Rusiya münasibətləri həm iqtisadi, həm siyasi həm də hərbi sahədə geniş şəkildə inkişaf etməkdədir. Bu qarşılıqlı əməkdaşlıq, elə bir qədim tarixə və iqtisadi bağlılığa əsaslanır ki, hələ də öz aktuallığını qoruyub saxlayır. Məhz, son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında 200-ə yaxın sənəd imzalanıb. Bu Bəyannamənin bütün müddəalarından irəli gələn məsələlər Azərbaycanın milli maraqları baxımından tam məqsədə müvafiqdir. Belə ki, bu sənədi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı kimi də dəyərləndirmək olar. Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, bərabərhüquqlu münasibətlərin güc tədbiq etməklə hədələməmək prinsipinə əsaslanır. Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. Hər iki ölkə arasında münasibətlərin daha da inkişaf edib vüsət alması həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında şəxsi etibarlı dostluq əlaqələrinin mövcudluğundan irəli gəlir. Təsadüfi deyil ki, Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdır ki, İlham Əliyevin əsas məqsədi xalqının firavan yaşamasıdır və buna daim çalışır. Onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcək. Əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və əmin-amanlıq şəraitində rahat yaşaması naminə zəruridir. Bu baxımdan da Moskva Bəyannaməsinin əhəmiyyətini təqdirəlayiq hesab etmək olar.

Moskva Bəyannaməsində hər iki ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamlardandır. Bəyannamədə hər iki ölkə daxili və xarici siyasət kursunu müstəqil həyata keçirir və tərəflər bir-birinə qarşı yönəlmiş zorakı hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr Bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına əsas zəmin yaradır. Bu baxımdan da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq Bəyannaməsinin imzalanması yeni tarixi hadisədir. Moskva Bəyannaməsi heç bir halda Azərbaycanın qardaş Türkiyə, eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. Bu sənəd iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. Onu da qeyd edək ki, Azərbaycan həmişə türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verib. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına çevrilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə başlanmış Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir. Bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Məlumdur ki, bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Bundan əlavə, ölkəmiz bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Azərbaycanın NATO ilə münasibətləri də uğurla inkişaf edir. 2021-ci ilin dekabrında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşmüşdür. Bu il fevralın 15-də isə Yens Stoltenberq Prezident İlham Əliyevə zəng etmiş və söhbət zamanı Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracının artırılmasına görə Azərbaycana təşəkkürünü ifadə etmişdir. Bütün bunlar bir daha sübut edir ki, müstəqil, öz milli mənafeyinə və maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun daha da yüksəlməsinə, region ölkələri, eləcə də dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verir.

Azər Nemətli,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

“Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru,
AAYDA YAP ərazi İlk Partiya Təşkilatının sədr müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti