...

"Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası təsdiqlənib

Siyasət Materials 1 Aprel 2022 18:49 (UTC +04:00)
"Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası təsdiqlənib

Bakı. Trend:

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti Aparatının rəhbəri reyestrin formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

***

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin
reyestrinin aparılması QAYDASI

1. Ümumi müddəalar
1.1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş
şəxslərin reyestrinin aparılması Qaydası” “Vətən müharibəsi
iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamına
əsasən hazırlanmışdır və “Vətən müharibəsi iştirakçısı” medalı ilə
təltif edilmiş şəxslərin reyestrinin (bundan sonra - Reyestr) aparılması
və istifadə edilməsi qaydalarını müəyyən edir.
1.2. Reyestr “Vətən müharibəsi iştirakçısı” medalı ilə
təltif edilmiş şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirir.
1.3. Reyestr Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Aparatı tərəfindən aparılır.

2. Reyestrin aparılması qaydası
2.1. Reyestrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq aktlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə
təltif edilmiş şəxslər barədə məlumalar əks olunur.
2.2. Reyestrə məlumatların daxil edilməsi onların birmənalı
fərqləndirilməsinə, eyni şəxs barədə məlumatlarda təkrara yol
verilməməsinə və həmin məlumatlardan səmərəli istifadə edilməsinə
imkan yaradan şəxsi qeydiyyat nömrəsi əsasında aparılır və bu
barədə müvafiq kağız və elektron daşıyıcıda qeydlər edilir.
2.3. Şəxsi qeydiyyat nömrəsi təkrar olunmur və dəyişilmir. Şəxsi
qeydiyyat nömrəsi ilə medalın nömrəsi eyniyyət təşkil edir.
2.4. Reyestrə barəsində məlumat daxil edilən bütün şəxslərə
dərhal şəxsi qeydiyyat nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona
bu barədə çıxarış təqdim oluna bilər.
2.5. Reyestrə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər
baş verdiyi halda, bu dəyişikliklərin məlumat bazasına daxil edilməsi
üçün Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti
struktur bölməsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və
Reyestrdə müvafiq qeydlər aparılır.

3. Reyestrə daxil edilməli olan məlumatlar
3.1. Reyestrə daxil edilməli olan məlumatlar aşağıdakılardır:
3.1.1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş
şəxsin:
1. soyadı;
2. adı;
3. atasının adı;

4. fərdi identifikasiya nömrəsi (FİN-i);

5. mənsub olduğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
və ya digər orqanın (qurumun) adı;
6. təltif edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq aktının rekvizitləri;
3.1.2. medalın seriya və nömrəsi.

4. Reyestrdəki məlumatların mühafizəsi
Reyestrin istifadəçiləri Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq istifadə etdikləri informasiya ehtiyatının
məlumatlarının mühafizəsi sahəsində müvafiq tədbirləri yerinə
yetirməyə borcludurlar.

5. Reyestrin məlumat bazasından informasiyanın verilməsi
5.1. Reyestrdə olan məlumatlar dövlət orqanlarına
(qurumlarına) və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş
şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının
rəhbəri tərəfindən verilə bilər.
5.2. Reyestrdə qeyd olunan məlumatları əldə etmək üçün
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılı surətdə
müraciət edilir.
5.3. Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın
verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 3 (üç) iş günü
müddətində verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti