...

Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Siyasət Materials 26 May 2022 21:00 (UTC +04:00)
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Bakı. Trend:

28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının qurulması Azərbaycan xalqının həyatında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, bütün türk dünyasının qürur mənbəyinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycan dünya birliyində layiqli yer tutmuş azad, öz müqəddəratını özü həll edən, beynəlxalq aləmdə nüfuzlu söz sahibi olan bir ölkədir.

Türk dünyası ailəsinin önəmli bir hissəsi olan Azərbaycanın bütün sahələrdə sürətlə irəliləməsi, Sizin rəhbərliyinizlə ərazi bütövlüyünün təmin edilməsi və 44 günlük müharibədə tarixi Zəfərin qazanılması türk xalqlarına böyük qürur hissi yaşatmışdır. İnanıram ki, Zati-alinizin təşəbbüsü ilə yaradılan və türk xalqlarının maddi-mənəvi irsinin mühafizəsi, təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Azərbaycan Respublikası arasında sıx əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla inkişaf edəcəkdir.

Sizin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməyinizlə son dərəcə əlamətdar hadisəyə çevrilən bu tarix növbəti il bütün türk dünyasında təntənə ilə qeyd olunacaq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə keçiriləcək tədbirlərə öz töhfəsini verməyə hazırdır.

Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram".

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycanın müstəqillik əldə etməsindən ötən onilliklər ərzində ölkədə dövlət quruculuğunda, iqtisadiyyatın və sosial sahənin inkişafında strateji yüksəliş baş verib.

Aşkardır ki, ölkənin nailiyyətlərinin çoxu məhz Sizin adınızla bağlıdır və mühüm məsələlərin həllinə peşəkar, ölçülüb-biçilmiş yanaşmanın nəticəsidir. Bu gün respublika özünün zəngin və bənzərsiz mədəniyyətini qoruyub saxlayır, çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrini zənginləşdirir.

Bu ənənələr əsasında xalqlarımız arasında yaranmış etimad və tərəfdaşlıq mühiti qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsi üçün mühüm amildir. Anadan olmasının 100 illiyini 2023-cü ildə qeyd edəcəyimiz böyük Rəsul Həmzətovun yazdığı kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim ədəbi qardaşlığımızdan danışsın!

Hörmətli İlham Heydər oğlu, icazə verin, Zati-alinizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq arzularımı bildirim".

***

Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovdan:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Şəxsən Sizə və ailənizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram.

Son illər Sizin rəhbərlik etdiyiniz ölkə üçün həqiqətən əlamətdar və tarixi illər olub. Şübhəsiz, bu, Sizin şəxsi xidmətinizdir. Ümidvarıq ki, bu, tezliklə Qafqazda sülhün bərqərar olmasına, bütün xalqlar üçün tərəqqiyə şərait yaradacaq. Bu da vacib məqamdır ki, Rusiya və Azərbaycanın münasibətləri möhkəmlənməkdə davam edib.

Sizinlə görüşlərimizi məmnuniyyətlə xatırlayıram və ümid edirəm ki, hələ qarşıda birgə iş imkanlarımız olacaq.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

***

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçilərindən:

"Möhtərəm cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha çox tərəqqi və rifah diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.

Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın.

Ən səmimi arzularımızı və salamlarımızı qəbul edin".

***

Peru Respublikasının Prezidenti Xose Pedro Kastilyo Terronesdən:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Peru hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə bir daha məmnunluqla bildirirəm ki, Peru hökuməti xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqdır.

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha ən dərin ehtiramımı bildirirəm".

***

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin direktoru Arye Qutdan:

"Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqilliyi Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Tarixi faktdır ki, Azərbaycan hələ 104 il bundan əvvəl ən ali demokratik dəyərləri bəyan etməklə bərabər, onları özünün əməli fəaliyyətində təmin etmiş ölkələrdən biridir. Azərbaycan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan ilk parlamentli respublika, dünyəvi demokratik dövlət modeli olub. Bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.

Bu əlamətdar gündə mən bir daha Sizə - müdrik dövlət xadiminə, peşəkar və mahir diplomata, müstəsna istedadlı və praqmatik siyasi xadimə, böyük strateq və Müzəffər Ali Baş Komandana, Azərbaycan dövlətinin layiqli Liderinə səmimi, dərin hörmət və minnətdarlıq hisslərimi bildirmək istərdim.

Cənab Prezident, İkinci Qarabağ müharibəsi və müharibədən sonrakı dövrdə həyata keçirilən diplomatiya Sizin yuxarıda sadalanan şəxsi keyfiyyətlərinizin hamısını bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Bu, həm hərbi zəfər, həm də şəxsən Sizin siyasi-diplomatik və geosiyasi qələbəniz, eləcə də igid və mərd Azərbaycan əsgərlərinin və zabitlərinin, bütün Azərbaycan xalqının qələbəsi idi.

Azərbaycan qalib dövlət kimi özünün ərazi bütövlüyünü bərpa etdi, 30 il ərzində erməni işğalı altında olmuş tarixi torpaqlarını özünə qaytardı və Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki və diplomatik qüdrətini və əhəmiyyətini bütün dünyaya sübut etdi.

Sizin müdrik, çoxşaxəli və balanslaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın güclü geosiyasi mərkəzinə, həqiqi geosiyasi liderinə çevrilib, dünya birliyində özünəməxsus yer tutub.

Biz, əslən Azərbaycandan olan İsrail vətəndaşları çox fəxr edirik ki, məhz Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun həqiqi nümunəsi kimi qalır. Məhz Sizin praqmatik və müdrik dövləti fəaliyyətiniz sayəsində Azərbaycanda cəmiyyətin həqiqi həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti uğurla həyata keçirilir. Azərbaycanın özünəməxsus multikulturalizm modeli var. Bu model erməni millətçiliyinin, şovinizminin, vandalizminin, faşizminin və terrorizminin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti, İsrail xalqı və dünya yəhudiləri şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, həmçinin yəhudi icmasının adət-ənənələrinə dünyada analoqu olmayan qayğıkeş münasibətinizi yüksək qiymətləndirirlər.

Bizim hər birimiz üçün müqəddəs olan Müstəqillik Günü münasibətilə bütün Azərbaycan Respublikasına ən xoş, səmimi sülh və firavanlıq arzularımı qəbul edin.

Sizə və Sizin gözəl ailənizə səmimi-qəlbdən tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

***

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu.

Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu bayram respublikanın doğma torpağa sevgi, müstəqil və güclü Azərbaycanın gələcəyinə inam hissi ilə yaşayan bütün vətəndaşlarının birliyinin rəmzidir.

Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu gün Azərbaycan tərəqqi yolunda inamla irəliləyən, öz uğurlarına görə haqlı olaraq fəxr edə biləcək müasir demokratik dövlətdir. Sosial sahə, sənaye, kənd təsərrüfatı böyük sürətlə inkişaf edir, Azərbaycan xalqının çox böyük elmi, intellektual və mədəni potensialı reallaşır.

Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, başqa ölkələrlə, o cümlədən Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq möhkəmlənir. Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq bütün istiqamətlərdə - siyasi, iqtisadi və mədəni sahələrdə bundan sonra da yeni nailiyyətlərlə zənginləşəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi, sülh, əmin-amanlıq arzu edirəm".

***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycanda 30 illik fəaliyyətimiz ərzində dünya səviyyəli enerji layihələrinin əməliyyatçısı olmağımızla, bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməyimizlə qürur duyuruq.

BP şirkəti Azərbaycanla əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti