Bakı. Trend:
Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, əvvəlcə HDQ-də rəsmi qarşılanma mərasimi
keçirilib. Pakistan HDQ komandanı fəxri qarovul dəstəsinin önündən
keçib, hər iki ölkənin dövlət himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan
abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra Pakistan nümayəndə heyətinin rəhbəri “Fəxri qonaqlar
kitabı"nı imzalayıb.
HDQ komandanı vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq
ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq
münasibətləri üzərində qurulduğunu qeyd edib.
Nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş
brifinq təqdim edilib.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən
admiral M.A.X.Niazi hər iki ölkənin HDQ-nin daha da inkişaf
etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə
çatdırıb.
Görüşdə Azərbaycan-Pakistan HDQ arasında hərbi, hərbi təhsil və
digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir
mübadiləsi aparılıb.
Sonra hərbi gəmilərə baxış keçirilib, onların taktiki-texniki
xüsusiyyətləri, həmçinin gəmi heyətinin yerləşməsi və qidalanması
ilə bağlı nümayəndə heyətinə məlumat verilib.