...

Türkiyə tarixi sınaq qarşısında - Qərb qalib gələcək, yoxsa TÜRK XALQI?

Siyasət Materials 13 May 2023 14:14 (UTC +04:00)
Türkiyə tarixi sınaq qarşısında - Qərb qalib gələcək, yoxsa TÜRK XALQI?
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə bu gün tarixinin ən güclü, ən qüdrətli Türkiyəsi halına gəlib çatıb. Son 20 il ərzində yüksək inkişaf tempini yaxalayan qardaş Türkiyənin belə qısa zamanda müxtəlif sahələr üzrə inkişafına görə dünyanın ən güclü, ən dayanıqlı dövləti halına gəlməsi istisnasız olaraq Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malik olsa da, bu iki dövlət arasındakı münasibətlər də özünün ən pik dövrünü bu siyasətçinin zamanında yaşayır desək yanılmarıq. Son regional, qlobal miqyaslı proseslərdə həmrəylik, birgə addımlar da bir daha təsdiq edir ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmaz olaraq da qalacaq.

Bu iki ölkə arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də heç şübhəsiz öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilməsidir. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionun lider dövlətinə çevrilib ki, bu da Türk Dövlətləri Təşkilatının (TDT) dünyada nüfuzlu güc mərkəzlərindən birinə çevrilməsi istiqamətində önəmli amildir.

Bu gücün sarsıdılması, oyundan kənar vəziyyətə salınması üçün bu gün TDT-nin varlığından narahat olan qüvvələri, dövlətləri son illər müxtəlif məkirli planlar üzərində işləməyə vadar edir. Bildiyimiz ki, sabah qardaş Türkiyə növbəti tarixi sınaq qarşısındadır. Belə ki, mayın 14-də Türkiyədə ən kritik seçkiləri biri keçiriləcək. Seçkilər tək Türkiyədə, regionda deyil, bütün dünyada maraqla gözlənilir. 20 ildir ki, ölkədə keçirilən seçkilərdə uğura imza atan AKP iqtidarının bu seçkilərdən qalib çıxacağını əksər sorğu mərkəzləri təsdiq etsə də, son söz türk xalqınındır və qardaş ölkənin bu sınaqdan da uğurla çıxacağına zərrə qədər də şübhə edilmir.

Lakin müəyyən detallar var ki, seçki öncəsi onlara diqqət yetirilməsi öz taleyini həll edəcək türk xalqının gələcəyi məsələsində çox həlledici ola bilər.

Azərbaycan Türkiyə ilə şəxs və yaxud şəxslərə görə münasibətlərini müəyyənləşdirmir, Azərbaycan qardaş türk xalqını əsas götürür və münasibətini də buna görə hər zaman yüksək səviyyədə qoruyub saxlamaqdan ziyadə, inikişaf etdirməkdə maraqlıdır. Necə ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyduğu zaman əvvəldən son dəqiqəyə kimi qardaş Türkiyədən o dəstəyi aldı, hiss etdi. Bu təmənnasız dəstək iki dövlət, xalq arasında artıq ənənəyə çevrilib və bunu mənəvi borc olaraq hiss edirlər.

Buna Türkiyədəki güclü yanğınları, bu ilin əvvəlində Kahramanmaraşdakı dəhşətli zəlzələ zamanı baş verənləri misal çəkmək olar. Azərbaycan xalq və dövlət olaraq bu olaylar zamanı Türkiyəyə ən böyük dəstək göstərən tərəf oldu. Çünki bizim qardaşlıq bağlarımız, bu günün, dünənin yox, tarixin sınaqlarından süzülərək bugünümzə gəlib çıxa-çıxa daha da möhkəmlənib.

Amma elə həssas, elə vacib məqamlar da olur ki, şəxsin-liderin xalqının qarşısında getməsi, xalqını düzgün istiqamətləndirməsi çox böyük qələbələrə, böyük uğurlara rəvac verir. Biz buna Rəcəb Tayyib Ərdoğanın timsalında son 20 ildə daha aydın şəkildə şahid olduq.

Bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun səs faizlərinin yüksək olması onun R.T.Ərdoğana əsas rəqib olduğunu, bizi sabah çox gərgin seçkilərin gözlədiyini deməyə əsas verir. Amma bu siyasətçini dəstəkləyən türk qardaş-bacılarımız bunun məsuliyyətini mütləq şəkildə anlamalıdır.

Seçki kampaniyası zamanı verilən reaksiyalar, səsləndirilən bəyanatlar Kılıçdaroğluna dəstək olan qüvvələrin hansı qütblərdə qərarlaşdığını anlamağa, görməyə kifayət edir. Bu gün Kılıçdaroğlunu dəstəkləyən əsas tərəflər kimi Qərb, ABŞ, İran amilini sezmək elə də çətinlik yaratmır. O Qərb ki, o İran ki, bu gün Türk Dövlətləri Təşkilatının yaranmasından, onun günü-gündən böyüyüb güclənməsindən, Türkiyənin həm siyasi arenada, həm də hərbi sənaye aspektdə hər ötən gün daha da qüdrətini artırmasından olduqca narahatdır.

Biz isə bu zamana kimi belə proseslərə müxtəlif ölkələrin nümunəsində rastlaşmışıq. Yaxşı məlumdur ki, əgər Qərb hansısa bir namizədə "kapsent" qoyursa, demək ki, onu həmin siyasətçi ilə müəyyən maraqlar bağlayır. Ona görə də Kılıçdaroğlu Türkiyənin Qərbdən idarə edilməsi, onların maraqlarına uyğun şəkildə addımlar atılması üçün edilən seçimdir.

Təxminən 1 ay əvvəl CHP lideri və “altılı masa”nın koalisiyanın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu İstanbul platformasının təşkil etdiyi iftar proqramına qatılarkən bir addımı ilə bütün Türk dünyasına ilk siqnalı "ötürdü". Proqramdan sonra Kılıçdaroğlu, CHP Düzce Millət vəkili Namizədi Azadə Ay ilə görüşdü. Görüşdən paylaşılan fotodakı detal reaksiyalara diqqətdən yayınmadı. Paylaşılan görüntüdə Kılıçdaroğlunu müsəlmanların namaz qılmaq üçün istifadə etdiyi canamazın üstünə ayaqqabı ilə çıxdığı kadrları yayıldı.

Əslində bu bütün türk xalqı üçün ciddi bir mesaj hesab edilə bilərdi. Bu, türk dünyası, türk xalqı üçün ən həssas məsələlərdən olan dini, İslami dəyərlərə Kılıçdaroğlu münasibəti idi. Bununla da prezidentliyə əsas namizədlərdən birinin Türkiyə xalqının milli-mənəvi dəyərləri sırasında əsas aparıcı xətt olan İslama qarşı "münasibəti", seçiləcəyi təqdirdə Türkiyədə hansı proseslərin baş verəcəyinin "demo versiyası" əksini tapdı.

Kılıçdaroğlunun növbəti qalmaqallı, səs-küylü addımı isə Azərbaycanla bağlı oldu. Daha doğrusu, Türk Dünyasını parçalayacağı ilə bağlı... CHP lideri K.Kılıçdaroğlu günlər öncə yenidən səsləndirdiyi populist və qalmaqallı açıqlamalarla gündəm oldu. Söhbət onun "Həyatımın Layihəsi" deyərək paylaşdığı videodan gedir.

Onun Prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi "Yeni İpək Yolu" haqda məlumat və təqdim etdiyi xəritə xüsusilə Azərbaycanın düşmənlərinin üzünü güldürə bilərdi. Belə ki, Kılıçdaroğlunun canlandırmağı hədəflədiyi "Yeni İpək Yolu" Azərbaycandan keçmir. 5,5 min km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək, Çinə birləşir. Beləliklə, Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycanı çıxarır və bunu açıqca elan da edir. Bu halda Zəngəzur dəhlizindən ümumiyyətlə söz etməyə dəyməz. Əksəriyyət hesab edir ki, Kılıçdaroğlu seçilərsə, hətta Orta Dəhlizi, onun Azərbaycan ayağını və Bakı-Tbilisi-Qars marşrutunu da unutmaq lazım gələcək.

Daha konkret desək, Kılıçdaroğlu İpək yolu layihəsindən Azərbaycanı çıxarıb, yerinə İranı daxil etməyi hədəflədiyini gecə saatlarında sosial şəbəkə hesabında etdiyi açıqlamada açıq şəkildə nümayiş etdirdi.

Lakin dünən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun "Azərbaycansız Türk Yolu ola bilməz. Türkiyə Azərbaycan vasitəsilə Orta Dəhlizin təsis edilməsinə çalışır" açıqlaması da bir daha deməyə əsas verir ki, hazırkı Türkiyə iqtidarı Kılıçdaroğludan fərqli olaraq çox yaxşı fərqindədir ki, Azərbaycan Türk Dünyasını birləşdirən əsas qüvvədir, Azərbaycansız nə Türk Dünyası mövcud olacaq, nə də Türk Dövlətləri güclənərək dünyanın əsas söz sahibinə çevrilmək imkanını əldə edəcək.

Kamal Kılıçdaroğlunun “Türk Yolu” layihəsi haqqında planlarına Ərdoğanın da reaksiyası gecikmədi: “Bay-bay Kemal Azərbaycanı görməzlikdən gələrək bizi biabır etmək istəyir. Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməyəcək. Azərbaycandan keçən ipək dəmir yolunu biz çəkmişik, o bilmir”.

Ərdoğan Kılıçdaroğluna xatırladıb ki, İpək Yolu xətti hadisəsi yeni deyil: "İnanın ki, bu adam (Kılıçdaroğlu) cahildir, harada, nə vaxt, hansı addımların atılmasından xəbəri yoxdur. Biz artıq Qars-Tbilisi-Bakı dəmir yolu ilə Azərbaycandan keçən İpək Dəmiryolunu çəkmişik. Onlardan xəbəriniz yoxdur. İki ildir ki, Çinə yük qatarları göndəririk. Zəngəzur dəhlizi ilə yeni nəfəs açılacaq. Xəbərin olsun, Kılıçdaroğlu. Naxçıvanı Azərbaycana, bununla da Türkiyəni Azərbaycana bağlayacağıq. Cənab Kamal bunları başa düşmür, xarici siyasətin nə olduğunu, qardaşlıq qanununun nə olduğunu, bölgənin balansını, milli təhlükəsizliyi bilmir".

Göründüyü kimi, Kılıçdaroğlu üçün Türk Dünyası, bir millət, milli-mənəvi dəyərlər, azad siyasət, güclü və dünyanın hesablaşdığı Türkiyə kimi məsələlər önəmli hesab edilmir. Bu siyasətçi Qərbdən aldığı tapşırıqlar əsasında hərəkət etmək barədə düşünür, çünki onu dəstəkləyənin adı məlumdur. Bu səbədən sabah türk xalqı, türk qardaşlarımız əsas söz sahibi kimi öz gələcəkləri ilə bağlı böyük və çətin sınaq qarşısındadır. Allah utandırmasın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti