...

Almaniya KİV-də Qarabağ haqqında yanlış terminologiya əfsanəsi kök salıb - Mixail Hessin ETİRAZ MƏKTUBU (FOTO)

Siyasət Materials 18 Avqust 2023 11:49 (UTC +04:00)
Almaniya KİV-də Qarabağ haqqında yanlış  terminologiya əfsanəsi kök salıb - Mixail Hessin ETİRAZ MƏKTUBU (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın həftəlik “Die ZEİT” qəzeti həmmüəllifləri Alise Bota və Maria Mitrov olan “Dünyanın unutduğu: Dağlıq Qarabağ” adlı məqalə nəşr edib.

Trend xəbər verir ki, yoxlanılmamış məlumatlar, yanlış terminologiya, Azərbaycana və onun rəhbərliyinə qarşı əsassız və ədalətsiz ittihamların yer aldığı məqalə birtərəfli olaraq Ermənistanın və erməni separatçıların mövqeyindən yazılıb.

Məqalədə iddia olunur ki, “Bir aydır Azərbaycan Dağlıq Qarabağı əsl aclığa məruz qoyub. Hamilələr müayinə olunmadığından qüsurlu doğulanların statistikası artıb, sahibləri özlərinin yeməyi olmadığından hətta itlərini və pişiklərini küçəyə atıblar”.

Müəlliflər canfəşanlıq göstərərək qış aylarında nə vaxtsa, haradasa, hansısa müəllimənin qış paltosunda çəkilmiş şəklini də avqust ayında nəşr olunan məqaləyə əlavə ediblər ki, guya “Azərbaycan Artsaxın yeganə qaz kəmərini blokadaya aldığından məktblərdə sobaları odunla isidirlər?!” Hətta onlar baş verənləri yerli sakinlərlə söhbət əsasında “soyqırım, genosid və etnik təmizləmə” adlandırmağa qədər həyasızlığa əl atıblar.

Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı, “Şuşanın irsi” kitabının müəllifi Mixael Raynhard Hess “Die Zeit” qəzetinin redaksiyasına müfəssəl və əsaslandırılmış etiraz məktubu göndərib və onu özünün feysbuk səhifəsində paylaşıb.

Hess yazır ki, məqalənin elə ilk cümləsində “Dağlıq Qarabağ anklavı” sözünün işlədilməsi məqalənin hansı mövqedən yazıldığını açıqlayır: “Qarabağ bütün hissələri, o cümlədən dağlıq hissəsi ilə Azərbaycan dövlətinin ərazisidir. Hətta erməni separatçıların qondarma qurumunun sponsoru Ermənistanın da heç vaxt anklav kimi qəbul etmədiyi ərazini necə anklav adlandırmaq olar?! “Dağlıq Qarabağ anklavı” əfsanəsinin hansı mənbədən götürüldüyü məlum deyil. Amma bundan, “Spiegel” də daxil olmaqla, Almaniyanın bütün aparıcı media subyektləri istifadə edir. Maraqlı tərəflərdən birinin yoxlanılmamış məlumatlarını necə yaymaq olar?”

O, alman mətbuatında kök salmış digər bir neqativ praktikanı, özünün müşahidə və mütaliəsi sayəsində, sərt qınayıb:

“4 ildir aparıcı alman KİV-lərində praktiki olaraq bir dənə də məqalə nəşr edilməyib ki, orada ermənilərin və hətta vaxtaşırı separatçıların da mövqeyi ilə yanaşı Azərbaycanın da baxışlarına yer verilsin”. Müəlliflər sosial mediaya bir neçə dəqiqəlik nəzər salsaydılar görərdilər ki, “Ermənistanın təcavüzü və işğalı nəticəsində azərbaycanlılar mal və mülkünü, sağlamlığını necə itirmişlər. 30 illik didərgin həyatından sonra 44 günlük müharibə nəticəsində bir hissəsi azad edilmiş Qarabağa qayıdanlar erməni təcavüzkarların dağıdıcılıq fəaliyyətinin kədərli qalıqları ilə üzləşirlər”.

Hess məqalədəki “bu arada artıq tamamilə ermənilərin məskunlaşdığı anklav” fikrini, müəlliflərə 1989-cu il əhali statiskasını xatırlatmaqla tənqid edib:

“O vaxtkı Dağlıq Qarabağ muxtar vilayətinin əhasilinin 21 faizi, 40 000 nəfəri azərbaycanlılar olub və onlar təbii ki, göyə çıxmayıb. Ermənistanın təcavüzü və zor tətbiqi nəticəsində öz evlərindən qovulublar. Azərbaycanlıların üzləşdiyi bu məşəqqət barədə isə müəlliflər heç nə demir. 1992-ci ilin 25-26 fevralında Ermənistanın sonradan müdafiə naziri və prezidenti olmuş Serj Sarkisyanın komandanlığı altında bir gecədə 613 günahsız azərbaycanlı mülki şəxs amansız şəkildə qətlə yetirildi və mülki əhaliyə qarşı kütləvi qırğın törədilməklə ən ağır müharibə cinayəti baş verdi. Yerinə düşər ki, Xocalı ilə İrpində və Buçada baş verənlər arasında paralellər aparılsın”.

Hazırda separatçıların əlində olan ərazilərdə Azərbaycanın dövlət nəzarəti tam bərqərar olduqdan sonra yerli erməni əhalinin təhlükəsizliyinə Azərbaycan vətəndaşı kimi zəmanət verilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ictimai şəkildə bəyan edib. Azərbaycanın seperatçıların məskunlaşdığı ərazilərdən kənar digər yerlərində də hazırda onminlərlə erməni yaşayır, öz dilində danışır, öz mədəniyyətini inkişaf etdirir. Əgər Azərbaycanın niyyəti erməniləri qovub çıxartmaq olsaydı, onminlərlə eməni indiyə qədər necə yaşaya bilərdi?! Amma tam əksinə, Ermənistan tarixən orada yaşayan azərbaycanlıları 1987-ci ildə tam şəkildə qovduqdan sonra homogen dövlətə çevrilib. Hazırda baş verənlərin ermənilərə qarşı etnik təmizləmə ilə heç bir əlaqəsi yoxdur, söhbət əlində silah Azərbaycana qarşı çıxanların Azərbaycan qanunlarına, yaşadıqları dövlətin qanunlarına tabe etdirilməsindən gedir”.

Hess müəlliflərə məqalədə yol verdikləri boşluqlara və ziddiyyətlərə də diqqət yetirməyi tövsiyə edib:

“Siz yazırsınız ki, dekabr ayından blokada başladı, sonra da etiraf edirsiniz ki, Rusiya sülhməramlıları və Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri humanitar yardım gətirir, xəstələri daşıyır. Blokadaya alınmış yolda bunlar necə baş verə bilər? 23 aprel tarixində Azərbaycanın Ermənistanla dövlət sərhədində, öz ərazisində sərhəd məntəqəsi qurması separatçıların nəzarətində olan ərazilərə silah və qaçaqmalçılıqla yük daşınmasının qarşısını almaq məqsədi ilə edilib. Libération/AFP və digər neytral mənbələrlə tanış olmaqla Azərbaycan mənbələrində yer alanların həqiqət olduğunu təsdiqləmək olar”.

Hess sonda “Die Zeit” kimi nüfuzlu bir mətbu orqanın belə ağır mövzuda yazarkən sensasiya axtarışında olduğuna görə müəlliflərə öz məyusluğunu bildirir:

“Yazırsınız ki, “Rusiya Azərbaycanı silahlandırır”. Bu, nə deməkdir, Azərbaycanı Rusiyadan asılı müqəvva kimi təqdim etmək? Azərbaycan 1991-ci ildən müstəqil dövlətdir, silahlanma ilə bağlı gözləməməlidir ki, Rusiya və ya qeyrisi bunun üçün ona icazə versin? Məntiqlə yazmaq olar ki, “Rusiya və Hindistan da Ermənistanı silahlandırır.” Bütün bu cür söz seçimləri və yazının məqsədi odur ki, alman aparıcı mətbuatında kök salmış dominant mənzərəyə uyğun fikirlərdən kənara çıxılmasın: Qarabağdakı ermənilər günahsız qurbanlardır və azərbaycanlılar isə bədniyyətli pis adamlardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti