Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin 7-ci toplantısı keçirilib.
Tədbir tükdilli ölkələr arasında əməkdaşlığın müasir xarici siyasətin əsas istiqamətlərindən biri olan ictimai diplomatiya sahəsində daha da dərinləşdirilməsi üçün mühüm platformaya çevrildi. İclasda TDT-nin Baş katibi, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və ev sahibi ölkə olan Macarıstanın təmsilçiləri iştirak ediblər. Azərbaycanı tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təmsil edib və onun mövqeyi müzakirələrin əsas diqqət mərkəzlərindən biri olub.
Diaspor siyasəti artıq uzun müddətdir ki, xaricdə yaşayan soydaşlara dəstək çərçivəsini aşaraq daha geniş məzmun kəsb edib. Bu gün diaspor fəaliyyəti beynəlxalq təsir rıçağı kimi çıxış edir, TDT ölkələrinə ümumi humanitar və mədəni kontekst yaratmağa, informasiya mühitində mövcudluğunu gücləndirməyə və qlobal səviyyədə strateji maraqları irəli sürməyə imkan verir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla türkdilli insan böyük potensiala malikdir və bu potensialın həyata keçirilməsi üçün sistemli, qarşılıqlı əlaqəli və bir-birini tamamlayan yanaşmalara ehtiyac duyulur. Məhz diaspor ümumi dəyərlərin, mədəniyyətin və dilin qlobal daşıyıcısına çevrilir, eyni zamanda türk dövlətləri ilə beynəlxalq ictimaiyyət arasında körpü rolunu oynayır.
Azərbaycan son illərdə diaspor siyasətinin ən kompleks və effektiv modelini quraraq TDT-nin digər üzvləri üçün nümunəyə çevrilib. Xaricdəki azərbaycanlı icmaları ilə çoxpilləli, müasir və davamlı qarşılıqlı fəaliyyət sistemi yaradılıb. Bu sistem daimi kommunikasiya, dəstək proqramları, təhsil təşəbbüsləri və geniş mədəni fəaliyyətlər üzərində qurulub. Nəticədə Azərbaycan diasporu ilə əlaqələr güclənib və ölkənin beynəlxalq humanitar təsir alətinə çevrilib.
Fuad Muradov çıxışında türk dövlətləri arasında humanitar sahədə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, TDT-nin Naxçıvan Sazişi əsasında yaradılmasını xatırladaraq ölkələr arasında əməkdaşlığın son illərdə daha da intensivləşdiyini bildirib. Onun sözlərinə görə, məhz Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasının həyata keçirilməsi bu əməkdaşlığı sistemli şəkildə möhkəmləndirir: “TDT çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, proqramlar, forumlar və təşəbbüslər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verir”, – deyə Fuad Muradov qeyd edib.
Budapeştdə diaspor fəaliyyətinin koordinasiyası məsələləri xüsusi diqqət mərkəzində olub və bu sahədə Azərbaycan təcrübəsi türkdilli dünyada ən uğurlulardan biri kimi qiymətləndirilib. Dövlət Komitəsi ardıcıl şəkildə beynəlxalq tərəfdaşlıq əlaqələri qurur, diaspor təşkilatları ilə sistemli iş aparır, dezinformasiya ilə bağlı çağırışlara operativ reaksiya verir və türk dövlətləri üçün vahid humanitar gündəliyin formalaşdırılmasını fəal şəkildə müdafiə edir. Toplantıda çıxış edən nümayəndələr ümumi işin “uzlaşdırılmış strategiyalar və ortaq məsuliyyət” prinsipləri əsasında davam etdirilməsinin vacibliyini vurğuladılar ki, bu da Azərbaycan modelinə tam uyğundur.
Görüşün ən vacib nəticələrindən biri 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı”nın qəbul edilməsi oldu. Bu sənəd türk dövlətlərinin humanitar və mədəni siyasət sahəsində vahid xətt formalaşdırmaq istiqamətində səylərini birləşdirir. Planın qəbul olunması geniş təcrübə mübadiləsinin, çoxistiqamətli müzakirələrin və Azərbaycanın aktiv mövqeyinin nəticəsidir. Bu addım bir daha Azərbaycanın türk dünyasının ictimai diplomatiyasının formalaşdırılmasında əsas mərkəzlərdən biri olduğunu təsdiqlədi.
Budapeşt toplantısı göstərdi ki, TDT ölkələri qarşılıqlı tamamlanma və strateji koordinasiya prinsipləri əsasında yeni ictimai diplomatiya arxitekturasına keçməkdə maraqlıdır. Bu kontekstdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti sistemli yanaşması, uzunmüddətli vizionu və yenilikçi təşəbbüsləri ilə seçilir. Reallaşan layihələrin miqyası, təşəbbüslərin ardıcıllığı və strateji idarəetmə Azərbaycan modelini regionun ən uğurlu diaspor təcrübələrindən birinə çevirir və ölkəyə beynəlxalq arenada davamlı humanitar və informasiya təsiri təmin edir.
