...

MSK seçki günü barmaqlara mürəkkəb vurulmasına dair qərar qəbul edib

Siyasət Materials 26 Oktyabr 2005 18:33 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərində seçicilərin barmaqlarına mürəkkəb vurulacaq. Trend in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 26-da keçirilən iclasında qəbul olunub.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, oktyabrın 25-də prezident İlham Əliyevin yanında keçirilən müşavirədə dövlət başçısı seçki ilə bağlı aidiyyatlı dövlət orqanlarına müvafiq tapşırıqlar verib. İlham Əliyev seçki praktikasının təkmilləşdirilməsinə dair 11 may 2005-ci il tarixli sərəncamının həyata keçirilməsinə dair dövlət orqanlarının hesabat verməsini tapşırıb. Həmçinin MSK qarşısında da 5 gün ərzində hesabat hazırlayıb təqdim etməsi tələbi qoyulub. Məzahir Pənahov ölkədə seçkinin təşkili ilə bağlı MSK-nın bir çox işlər gördüyünü, prezidentin tapşırıq və sərəncamlarını icra etdiyini deyib.

Sonra MSK katibi Natiq Məmmədov məruzəsində bildirib ki, prezidentin 25 oktyabr sərəncamının tələblərinin bir qismi MSK-nın səlahiyyətləri çərçivəsində həllini tapan məsələlərdir. Prezident həmçinin səsvermə günü seçicilərin barmaqlarının mürəkkəblənməsi praktikasından istifadə edilməsi məsələsinin də müzakirəyə çıxarılmasını tövsiyə edib. Natiq Məmmədov bildirib ki, seçki saxtakarlığının qarşısının alınması üçün tətbiq edilən bu üsul artıq zərurətə çevrilib. Ona görə də bu seçkidə barmaqlara mürəkkəb vurulmasının tətbiq edilməsinə dair Təlimat qəbul olunmasını təklif edib. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.

MSK katibi Vidadi Mahmudov namizədlərə qarşı edilən təzyiqlər barədə komissiyaya və özünə edilən şikayətlər barədə məlumat verib. O, bildirib ki, namizədlər onlara qarşı təzyiqlər, hədələr qarşısında məcbur olub kütləvi şəkildə namizədliklərini geri götürürlər. V.Mahmudovun sözlərinə görə, təkcə oktyabrın 25-də 52 nəfər namizədliyini geri götürüb. MSK katibi ölkə prezidentinin bu barədə məlumatlandırılmasının və onun belə qanunsuzluqların qarşısının alınması üçün işə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

Sonra bəzi sənəd nümunələrinin qəbul edilməsi məsələsi müzakirəyə çıxarılıb. V.Mahmudov bildirib ki, namizədlərin, siyasi partiyaların və siyasi partiyaların seçki blokları məntəqə və dairə seçki komissiyalarına məşvərətli səs hüquqlu üzvlər irəli sürmək hüququ var. mövzunun müzakirələrindən sonra məşvərətli səs hüquqlu komissiya üzvlərinin seçkidə istifadə edəcəkləri vəsiqənin nümunəsi təsdiq edilib.

İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və MSK-ya daxil olan müraciətlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti