...

Elmar Məmmədyarov BƏƏ nümayəndə heyətini qəbul edib

Siyasət Materials 31 Mart 2006 20:19 (UTC +04:00)

Martın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Ras Əl-Xayma Əmirliyi nökmdarının müavini və vəliəhdi Şeyx Səud Bin Saqr Əl Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları səmimi salamlayan Nazir E. Məmmədyarov Birləşmiş Ərəb Əmirlikləri ilə müxtəlif sahələrdəki əməkdaşlığa Azərbaycan rəhbərliyi tərəfindən mühüm əhəmiyyət verildiyini bildirdi. Daha sonra Nazir ölkəmizin bölgədəki əhəmiyyətindən, gedən sosial-iqtisadi inkişaf, irimiqyaslı regional iqtisadi layihələr barədə qonaqlara ətraflı məlumat verdi və bununla əlaqədar iki ölkə arasında əməkdaşlıq üçün qarşılıqlı maraq və imkanların mövcudluğunu qonaqların diqqətinə çatdırdı. Nazir həmçinin ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafına mühüm əhəmiyyət verdiyini və bu sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qonaqlara çatdırdı.

Qəbula görə minnətdarlığını bildirən Şeyx Səud Bin Saqr Əl Qasimi ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verildiyini və bununla əlaqədar əməkdaşlığın bir çox sahələrində, xüsusilə də tikinti materiallarının istehsalı, əczaçılıq, telekommunikasiya və digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi. O, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanda Birləşmiş Ərəb Əmirliyinin səfirliyinin tezliklə açılması məsələsini ölkəsinin rəhbərliyi qarşısında qaldıracağı haqda məlumat verdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan Nazir həll yolunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə mümkünlüyünü qeyd etmiş, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu vurğulamışdır.

Görüşün sonunda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti