...

AVCİYA təkrar seçkilərin müşahidəsinə dair nəticələri seçki məntəqələri bağlandıqdan sonra açıqlayacaq

Siyasət Materials 11 May 2006 14:05 (UTC +04:00)

13 may təkrar parlament seçkiləri ərəfəsində vəziyyətə dair Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) və "Şəffaf seçkilər" Monitorinq Mərkəzinin ilkin rəyinin təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, tədbirdə seçkiöncəsi görülən işlər barədə ilkin məlumatlar açıqlanıb.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, hər iki təşkilat təkrar parlament seçkilərinin keçirildiyi 10 dairənin hər birində müşahidə aparacaq, seçki günü məlumatlar günün sonunda ictimaiyyətə açıqlanacaq. AVCİYA həmçinin Bolqarıstanın "Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosasiyası" ilə birgə seçki məntəqələrində "exit-poll" və "quick count" keçirəcək. Həmçinin bu proseslərin həyata keçirilməsi üçün intervüerlərin, supervayzerlərin və müşahidəçilərin hazırlanmasını Bolqarıstan nümayəndələrinin yaxından iştirakı ilə yerinə yetirəcək.

AVCİYA-nın nümayəndəsi İradə Qurbanova bildirib ki, "exit-poll"ların keçirilməsi üçün artıq 194 nəfər seçilib və onlar bu prosesə tam hazırdırlar. Ekspertlər mayın 12-dən etibarən dairə seçki komissiyalarında olacaq, seçki məntəqələrini gəzəcəklər. Xüsusi koordinatorlar isə "exit-poll"ları keçirən supervayzerlərin işini müşahidə edəcək. Sorğuların və müşahidənin nəticələrinə dair məlumatlar seçki günü saat 13.00-da, 15.00 və 19.00-da qurumun mərkəzi internet şəbəkəsinə ötürüləcək. Seçki ilə əlaqdəar qurumun Bakıda iki qərargahı fəaliyyət göstərəcək. Saat 19.00-da seçki məntəqələri bağlanan kimi AVCİYA-nın müşahidələrinin və "exit-poll"larının nəticələri ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq.

AVCİYA-nın nümayəndəsi Vüqar Tofiqli isə bildirib ki, təşkilatın media qrupu yaradılıb və seçki günü müntəzəm olaraq jurnalistləri məlumatlandıracaq.

Xəbər lenti

Xəbər lenti