...

Azərbaycan Prezidenti Türkiyənin Jandarma Qüvvələrinin Baş komandanını qəbul edib

Siyasət Materials 5 Dekabr 2006 19:08 (UTC +04:00)

Dekabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında Türkiyənin Yandarma Qüvvələrinin Baş komandanı İşık Koşaneri qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikasının Prezident Aparatından məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan Prezident iqtisadi, siyasi, hərbi sahələrdə ölkələrimizin bir-birinə dəstək verdiyini bildirib.

Prezident bu il hər iki ölkənin tarixində baş vermiş böyük hadisəni - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin işə salınmasını xüsusi qeyd edib və bildirib ki, bu hadisə Azərbaycan və Türkiyə xalqları üçün, habelə bölgədə sülhün, sabitliyin, firavanlığın əldə olunması üçün böyük əhəmiyyət daşıyır.

Prezident Azərbaycanın daxili qoşunları ilə Türkiyə Jandarma Qüvvələri arasında əməkdaşlığın möhkəmlənməsinin ikitərəfli münasibətlərimizdə əhəmiyyətini vurğulayıb. Türkiyə Jandarma Qüvvələrinin böyük təcrübəyə malik olduğunu xatırladan dövlətimizin başçısı Azərbaycanın daxili qoşunlarının da təcrübə qazandığını qeyd edib.

İşıq Koşaner isə öz növbəsində qeyd edib ki, Azərbaycan və Türkiyə silahlı qüvvələri, o cümlədən Daxili Qoşunlarla Jandarma Qüvvələri arasındakı əməkdaşlıq hər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti