...

Ziyafət Əsgərov: "Azərbaycan NATO qarşısında öz üzərinə götürdüyü öhdəlikləri lazımi səviyyədə yerinə yetirir"

Siyasət Materials 5 Mart 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılır və ölkəmiz öz üzərinə götürdüyü öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, rəmsi Bakı öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir. "Bu münasibətlərin indiki səviyyəsi ölkəmiz üçün qaneedicidir. Azərbaycan bir sıra istiqamətlərdə NATO ilə əməkdaşlıq edir. Azərbaycan 1994-cü ildən etibarən Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində bu təşkilatla əməkdaşlığa başlayıb. Bundan əlavə, Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində də fəaliyyət göstəririk. Həmçinin, NATO ilə Azərbaycan arasında digər sənədlər də qəbul edilib və həmin sənədlərin icrası uğurla həyata keçirilir"- deyə Z.Əsgərov qeyd edib.

O qeyd edib ki, bu yaxınlarda NATO-nun Qiymətləndirmə Missiyası Bakıda olub. Missiya Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına nə dərəcədə uyğunlaşmasına qiymət verir. Missiya bu dəfə də Azərbaycandan razı gedib. "Xarici ekspertlər də etiraf edirlər ki, rəsmi Bakı öz öhdəliklərini uğurla yerinə yetirir. Hesab edirəm ki, gələcəkdə NATO ilə münasibətlərimiz daha yaxşı inkişaf edəcək."

Xəbər lenti

Xəbər lenti