...

Şuşanın işğalının 15-ci ildönümü ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin sədrinə müraciət olunub

Siyasət Materials 16 Aprel 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin sədri Stolfiyə yazılı müraciət edib. Bu barədə bazar ertəsi Qənirə Paşayeva məlumat verib.

Müraciətdə qeyd olunub ki, ermənilər əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edən və hazırda işğal altında olan tarixi Şuşa şəhərinin yeni baş planını hazırlamaq adı altında Azərbaycanın mədəni, tarixi, dini abidələrinin tamamilə məhv edilməsi və azərbaycanlı izlərinin silinməsi siyasəti həyata keçirirlər.

"Erməni işğalı zamanı Şuşanın 480 nəfər mülki əhalisi qətlə yetirilib, 600 sakin yaralınıb və 22 000 nəfər məcburi köçkünə çevrilib, şəhərdə etnik təmizləmə həyata keçirilib. Bundan başqa, qadın və uşaqlar daxil olmaqla 68 sakin həmin vaxt əsir götürülüb, itkin düşüb və onların əksəriyyətinin taleyi bu gün də məlum deyil. Ermənistanın işğalı nəticəsində 6800 yaşayış obyekti, 44 məktəb və digər təhsil ocaqları dağıdılıb" - deyə müraciətdə qeyd olunub.

Müraciətdə bildirilib ki, ermənilər Azərbaycanın mədəni və dini irsini yerlə yeksan etmək məqsədi ilə Şuşada qazıntı işləri aparırlar.

"Belə olan halda Ermənistanın AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnaməsinin müddəalarına əməl etmək istəməməyinə adekvat hüquqi və siyasi qiymət vermək müvafiq olmazmı?" - deyə Avropa Şurası Nazirlər Komitəsinin sədrinə ünvanlanın müraciətdə vurğulanır.

Bundan başqa müraciətdə qeyd olunub ki, nə üçün AŞ Nazirlər Komitəsi öz sərəncamında olan mövcud mexanizmlərdən istifadə edərək Ermənistan hökumətinin Şuşa şəhəri də daxil olmaqla işğal olunan Azərbaycan ərazilərində həyata keçirdiyi və bölgədə əldə olunan sülhün davam etməsinə mane olan fəaliyyətindən əl çəkməsi üçün rəsmi İrəvana təsir etmir?

"Komitə sözügedən qazıntı işlərinin və Şuşada Azərbaycan irsinə ziyan vuran digər fəaliyyətlərin qarşısını almaq üçün hansı addımlar ata bilər" - deyə müraciətdə bildirilir.

Nümayəndə heyətinin üzvü deyib ki, AŞPA-nın yaz sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin sədri Stlofi çıxış edəcək. Sədr çıxışı zamanı müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən göndərilən yazılı suallara cavab verir. Eyni zamanda AŞPA prezidienti sual müəlliflərinə müraciət edir ki, əlavə sualı var, ya yox. Əgər sual olarsa Nazirlər Komitəsinin sədri həmin sualı da cavablandırır.

Xəbər lenti

Xəbər lenti