...

AŞPA-nın təşkilatçılığı ilə Sankt-Peterburqda mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş konfrans keçiriləcək

Siyasət Materials 20 Aprel 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə bu il keçiriləcək iki beynəlxalq konfransın vaxtı, mövzusu və məruzəçiləri dəqiqləşib. Bu barədə cümə günü hazırda Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib. Onun sözlərinə görə, məsələ AŞPA-nın sessiyasında müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Birinci konfrans 30 may-1 iyunda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. AŞPA-nın mədəniyyətlərarası və dinlərarası dialoq çərçivəsində təşkil edəcəyi növbəti tədbirlərdən biri olan bu konfransda təkcə AŞPA-nın deputatları deyil, bir sıra başqa ölkələrin parlamentlərinin mədəniyyət məsələləri ilə bağlı komissiyalarının təmsilçiləri, beynəlxalq təşkilatların, mədəniyyətlə bağlı iş aparan mərkəzlərin nümayəndələri də iştirak edəcəklər.

R.Hüseynov qeyd edib ki, konfransda "Mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli" mövzusunda onun məruzəsi dinləniləcək.

Aprelin 16-dan 20-dək Strasburqda AŞPA-nın yaz sessiyası keçirilib. Sessiyada bir sıra məsələlər, o cümlədən Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunub. Azərbaycanı sessiyada Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov və Əli Hüseynovdan ibarət nümayəndə heyəti təmsil edib.

Xəbər lenti

Xəbər lenti