...

Güney Azərbaycan Hərəkatının bir neçə fəalı istefa verib

Siyasət Materials 23 Aprel 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) bir neçə fəal üzvü və funksionerləri istefa verib. Bu barədə GAMOH-un Amerika-Kanada təşkilatından məlumat verilib.

GAMOH-un Amerika-Kanada Təşkilatının başqanı Hüseyn Türkelli, Kanada təşkilatının İdarə Heyətinin üzvü Arslan Təbrizli, həmçinin təşkilat fəalı Babək Mərəndli vəzifələrindən istefa veriblər. GAMOH-un UNPO-dakı (BMT yanında təmsilçiliyi olmayan xalqlar təşkilatı) nümayəndəsi Davud Savalanoğlu da Mahmudəli Çöhrəqanlıya etiraz məktubu ünvanlayıb.

Vəzifələrindən istefa verənlər GAMOH lideri Çöhrəqanlının fəaliyyətinə etiraz olaraq bu addımı atdıqlarını bildirirlər. Türkelli Çöhrəqanlını təşkilatın Nizamnaməsində nəzərdə tutulmayan fövqəladə səlahiyyətlər qazanmaq üçün qeyri-qanuni yollara əl atmaqda, saxta qurultay keçirməkdə günahlandırır. Mərəndli Çöhrəqanlını GAMOH üzvlərinin hüquqlarını yetərincə müdafiə etməməkdə, təşkilatda ideya və strategiya çatışmazlığı yaratmaqda, diktatorsayağı hərəkətlərə yol verməkdə, azərbaycançılıq və istiqlalçılıq ideyalarından daha çox irançılıq idyelarına üstünlük verməkdə ittiham edir.

GAMOH 1995-ci ildə İranda yaşayan azərbaycanlıların haqları uğrunda açıq mübarizə aparmaq məqsədilə təsis olunub. Dünyanın müxtəlif ölkələrində 24 təmsilçiliyi-bürosu olan GAMOH beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təyinetmə" haqqının bərpası uğrunda mübarizə aparır. Təşkilatın lideri Çöhrəqanlı ABŞ-da mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti