...

"Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanun layihəsi müzakirəyə təqdim olunacaq

Siyasət Materials 3 May 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində hazırlanan "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanun layihəsi müzakirəyə təqdim olunacaq. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov məlumat verib.

O bildirb ki, yeni qanun layihəsi ekspertiza üçün Avropa Şurasına da göndərilib. Onun sözlərinə görə, artıq Avropa Şurası layihəyə rəy verib. Həmin rəy dərindən öyrəniləcək və təkliflərdən hansının qanun layihəsinə əvalə edilib-edilməyəcəyi müzakirələrdən sonra məlum olacaq.

Kərimov vurğulayıb ki, "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanunun hazırlanmasında məqsəd dövlət qulluğu işini daha da təkmilləşdirmək və vəzifəli şəxslərin maraqlarının toqquşmasının qarşısını almaqdır.

Onun sözlərinə görə, qanunun tələblərinin hansı səviyyədə yerinə yetirildiyinə nəzarət etmək üçün yeni qurum yaradılacaq və hər bir dövlət sturukturunda ən azı bir nümayəndə ilə təmsil olunacaq.

"Həmin qurumun sturukturu iki komissiyadan - araşdırma və dinləmə komissiyalarından ibarət olacaq. Araşdırma Komissiyası qanunların icra olunmasına nəzarət edəcək. Əgər qanun pozuntusu aşkarlanarsa, bununla bağlı lazımı məlumatları Dinləmə Komissiyasına göndərəcək. Sonra isə bütün tərəflərin iştirakı ilə məsələ araşdırılacaq", -deyə Kərimov qeyd edib.

O deyib ki, vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşmasının qarşısının alınması üçün dünyada müxtəlif modellərdən istifadə olunur. Məsələn, ABŞ-da belə hallar baş verən zaman bununla bağlı məlumat verilməsi nəzərdə tutulub və bu məlumatı verənlərə "fit çalanlar" deyirlər: "Bu barədə məlumatın verilməsi qaydaları və məlumatı verən şəxslərin qorunması qanunla tənzimlənir. İndi beynəlxalq ekspertlər bizdən tələb edirlər ki, Azərbaycanın müvafiq qanununda da bu məsələ öz əksini tapsın. Lakin biz hazırda bu məsələni araşdırırıq".

Xəbər lenti

Xəbər lenti