...

Açıq Cəmiyyət Partiyasının sədri: "Azərbaycanın bir neçə müxalifət partiyası ilə prezident seçkilərinə hesablanmış sazişlər bağlayacağıq"

Siyasət Materials 11 May 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası (ACP) Azərbaycanın bir neçə müxalifət partiyası ilə gələnilki prezident seçkilərinə hesablanmış ikitərəfli sazişlər bağlayacaq. Bu barədə cümə günü partiyanın sədri Akif Şahbazov açıqlama verib.

Şahbazovun sözlərinə görə, Açıq Cəmiyyət Partiyasının təşkilatçılığı ilə mayın 25-də bütün siyasi qüvvələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş Forum keçiriləcək. Forumdan sonra ACP bir sıra müxalifət partiyaları ilə əməkdaşlığa dair saziş bağlayacaq. Bunlar Müsavat, Liberal, Ümid və Klassik Xalq Cəbhəsi və digər partiyalardır.

Şahbazov qeyd edib ki, əməkdaşlıq sazişlərində ölkədə seçkilərin demokratik keçirilməsi üçün birgə mübarizə aparılmasına dair öhdəliklər qoyulacaq. ACP sədrinin sözlərinə görə, 2008-ci ildə keçiriləcək prezident seçkilərində bu partiyaların vahid namizədlə iştirakına dair indidən öhdəliklər götürülməsi isə münasibətlərdə problemlər yarada, vəziyyəti gərginləşdirə bilər. Ona görə də hələlik vahid namizəd məsələsinə dair ciddi şəkildə danışıqlar aparılmır: "Ola bilər ki, vahid namizəd müəyyən edilməsin və müxalifət düşərgəsinin seçkidə bir neçə namizədi olsun. Həmçinin də mümkündür ki, mövqeləri yaxın olan partiyalar seçkidə birgə iştirak etsinlər".

Şahbazov onu da deyib ki, ACP-nin təşkilatçılığı ilə mayın 25-də Bakıda keçiriləcək Forumla bağlı 50-ə yaxın siyasi, ictimai təşkilatlarla danışıqlar aparıb. ACP Forumda iştirak etməsi üçün hakim Yeni Azərbaycan Partiyasına da dəvət göndərəcək.

Müxalifəti təmsil edən Açıq Cəmiyyət Partiyasının lideri, Azərbaycanın eks-spikeri Rəsul Quliyevdir. Quliyev 2000-ci ildən bu ilin fevralınadək Azərbaycan Demokrat Partiyasının sədri olub. Quliyevin tərəfdarları ADP-dən ayrılaraq öz qurultaylarını keçirib, Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti