Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Cinayət Məcəlləsinə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyət nəzərdə tutan yeni maddə əlavə olunub. Prezidentin sərəncamı ilə təsdiq olunan qanunda bu cinayətlərə görə məsuliyyət nəzərdə tutulan 200-1-ci maddəyə görə, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı cinayət məsuliyyəti yaradır. Bu cinayətlərə görə, 2 ilədək müddətə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşgul olmaq hüququndan məhrum edilməklə şərti maliyyə vahidinin 3 min mislindən 5 min mislinədək cərimə və 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşgul olmnaq hüququndan məhrum edilməklə 3 ilədək azadlıqdan məhrumetmə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olduqda isə 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşgul olmnaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Bununla bağlı Inzibati Xətalar Məcəlləsinin 68-ci maddəsinə yeni bənd əlavə olunub. Belə ki, bu əməllər az miqdarda törədildikdə dərman vasitələri müsadirə olunmaqla onun dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə tətbiq olunur.