...

Azərbaycanın muğam ustaları arasında yaşanan böyük qalmaqal

Cəmiyyət Materials 4 Oktyabr 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Canəli Əkbərovun tərtib etdiyi "Muğam sənəti yeni proqramda" dərsliyi xanəndələrin narazılığına səbəb olub. Muğam ifaçıları yeni proqramdan xəbərsiz olduqlarını bəyan ediblər. Hadisədən daha çox hiddətlənən isə xalq artisti Əlibaba Məmmədov olub. O, həmkarını məhkəmə ilə hədələyib. Xanəndə bildirib ki, muğam sənəti haqqında proqramı ilk dəfə Üzeyir Hacıbəyov tərtib etdib:

Canəli Əkbərov belə bir işin qulpundan yapışırsa, bunun məsuliyyətini özündə hiss etməlidir. Proqram gizli tərtib edilmir. Bunun üçün müzakirələr aparılmalı, rəy bildirilməli və yekun qərar söylənilməlidir. Amma bunlarına hamısını Canəli təkbaşına həyata keçirib. O, deyir ki, professoru olduğu İncəsənət Universitetində müzakirələr keçirilib. Amma xanəndələr o iclasa dəvət almayıb. Bu məsələdə bütün muğam ifaçıları bir olub, sözlərini deməlidirlər. Mən demirəm ki, proqram yenilənməsin. Amma Canəlidən çox muğam sənətinə xidmət edən xanəndələrin proqrama göz gəzdirməyə səlahiyyəti çatır. Amma o, bizi saya salmayıb. Ordan-burdan eşitdikləri ilə yeni proqram tərtib edib".

TrendLife-ın müxbiri Canəli Əkbərovla əlaqə yaradıb, Əlibaba Məmmədovun ünvanlı ittihamlarına mövqeyini öyrəndik. Əvvəlcə danışmaq istəməyən xanəndənin Əlibaba müəllimin sözlərindən bərk qəzəbləndiyi bəlli idi. Amma ikinci telefon zəngimizdə xalq artisti Əlibaba müəllimin itithamlarını cavabsız qoymadı:

-Proqramı tərtib edərkən həqiqətən də xanəndələrin mövqeyini öyrənməmisiniz?

-Bu, Əlibaba Məmmədovun fikridir. "Muğam sənətinin yeni proqramda yenilənməsinə ehtiyac var idi. Bu məsuliyyəti öz üzərimə götürdüm və uğurla da başa çatdırdım. Bu işdə kafedra müdiri olduğum İncəsənət Universitetinin elmi işçilərinin rəyi də əsas götürulüb.

-Əlibaba müəllimdən hər hansı məsləhətlər almısınız?

-Yox. İncəsənət Universitetində yetərincə xanəndələr çalışır və onlar bu barədə məlumatlıdırlar.

-Arif Babayevin yeni proqrama münasibəti necə olub?

-Çox gözəl. Məni alqışlayıb və xeyir-duasını verib. Amma Əlibaba müəllim bütün bunlarla razılaşmaq istəmir.

-Məsələnin şişirdilməməsi üçün niyə Əlibaba müəllimlə ortaq məxrəcə gəlmək istəmədiniz?

-Mən onunla küsülüyəm. Mübahisə yaranandan sonra onunla əlaqə yaratmamışam və heç yaratmaq da istəmirəm. Çünki o, məni məhkəmə ilə hədələyib. Onun danışdıqları mənə qaranlıq qalır. Elmi işçilər, professorlar mənim işimi dəstəklədiyi halda, o, mənə arxa çevirdi. Muğam sənətinin inkişafına ,yenilənməsinə ehtiyac var. Hərəmiz bir işin qulpundan yapışmalıyıq ki, sənət irəliləsin.

-Proqram hazırdırmı və dərslikdən istifadə olunacaqmı?

-Vəsait artıq dərsliyə salınıb və tələbələr bundan istifadə edirlər.

TrendLife-ın müxbiri Azərbaycan Milli Konservatoriyasının solo oxuma kafedrasının müdiri Arif Babayevlə əlaqə yaradıb məsələyə onun mövqeyini də öyrəndi.

-Arif müəllim, sizin proqrama mövqeyiniz necə olub?

-Həmin vəsaitə baxmaq istəyirəm. Ola bilsin, mənim də əlavələrim oldu.

-Canəli müəllim proqramın dərsliyə salındığını söyləyir.

-Eləmi?. Xəbərim yoxdur. Amma belə də göz gəzdirərəm.

-Sizcə, Üzeyir Hacıbəyovun metodikasının yenilənməsinə ehtiyac var idi?

-Əgər İncəsənət Universitetinin müəllim heyəti, elmi işçiləri proqrama etirazlarını bildirməyiblərsə, yəqin onun hazırlanması məqsədəuyğun olub. Orada kifayət qədər savadlı adamlar işləyir və bu işdə onların dəqiq rəy söylədiklərinə şübhəm yoxdur.

Xəbər lenti

Xəbər lenti