Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimsəsiz və küçə uşaqlarına nəzarət etmək üçün əlavə səlahiyyətlər istəyir. Bu barədə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda küçə uşaqları ilə bağlı rəsmi statistik məlumatlar yoxdur. Çünki həmin uşaqların əksəriyyəti müəyyən dövrdən sonra ailələrinə qayıdırlar. Hüseynova uşaqların məktəblərdən yayınaraq küçə həyatı yaşamasında orta məktəblərin də məsuliyyət daşıdığını deyib. Onun sözlərinə görə, küçə uşaqlarının əksəriyyəti orta məktəblərdə qeydiyyatdadırlar, lakin məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə nəzarət aşağı səviyyədədir.
Dövlət Komitəsinin sədri bildirib ki, uşaq evlərində yaşayan kimsəsiz uşaqlar, həmçinin küçə uşaqları ilə hər zaman ayrı-ayrı dövlət qurumlarının nəzdində olan orqanlar məşğul olublar. Hüseynova bildirib ki, bu səlahiyyətlər ümumiləşdirilərək vahid bir quruma verilməli və bu, sahəyə nəzarət etməlidir.
Komitə sədri onu da bildirib ki, 2005-ci ildən bəri Azərbaycanda 202 kimsəsiz uşaq ailələrə övladlığa verilib. Uşaq evlərində yaşayış müddəti başa çatdıqdan sonra oranı tərk edən yeniyetmələrin sonrakı həyatı, taleyi ilə bağlı məsələlər, onların yaşayışının təmin edilməsi üçün görüləck işlər yeni hazırlanan və 2008-2011-ci illəri əhatə edən İnkişaf Proqramında əksini tapacaq.