Azərbaycan, Bakı, 14 may / Trend , müxbir D.İbrahimova /
"Azərbaycan ötən il olduğu kimi yenə də çempionatı əla hazırlaşıb", - Avropa Gimnastika İttifaqı (UEG) texniki komissiyasının prezidenti Hayde Bruneder deyib.
Bakıda mayın 15-də bədii gimnastika üzrə 25-ci Avropa çempionatına start veriləcək. Yarışda 32 ölkədən 186 gimnast iştirak edəcək. Elə həmin gün Bakı vaxtı ilə saat 18:30-da çempionatın rəsmi açılış mərasimi keçiriləcək. "Azərbaycan bu dəfə hər şeyi ötən ilkindən də yüksək səviyyədə təşkil edib", - Bruneder bu gün mətbuat konfransı zamanı jurnalistlərə deyib.
Onun sözlərinə əsasən, digər dövlətlərlə müqayisədə Azərbaycan çox qonaqpərvərdir. "Bizi çox səmimi qarşıladılar və bu bizdən ötrü çox vacibdir" , - Bruneder qeyd edib. Onun fikrincə, Azərbaycanda keçirilən çempionat təşkilatçılıq baxımından çox yüksək səviyyədədir və çempionata media nümayəndələrinin marağının olması da yüksək səviyyənin göstəricisidir. "Ümid edirəm ki, nəticələr də yüksək səviyyədə olacaq", - Bruneder vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]