...

Azərbaycanın Gəncə şəhərində cəmi 4 dini icma qeydiyyatdan keçib

Cəmiyyət Materials 5 Yanvar 2010 12:10 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində 13 dini icmadan 4-ü qeydiyyatdan keçib, 5-i isə şəhadətnamə almaq üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib.
Azərbaycanın Gəncə şəhərində cəmi 4 dini icma qeydiyyatdan keçib

Azərbaycan, Gəncə, 05 yanvar / Trend , müxbir V.Məmmədov/

Azərbaycanın Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr qərbdə) 13 dini icmadan 4-ü qeydiyyatdan keçib, 5-i isə şəhadətnamə almaq üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib. Bu barədə Trend -a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov məlumat verib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna qədər dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

İndiyədək 120 dini icma yenidən və ilkin qeydiyyata alınıb. Hazırda 400-dən artıq dini icmanın müraciətinə baxılır.

Qeydiyyat üçün müraciət etməyən dini icmalar arasında Nərimanov rayon dindarlarının dini icması, İlahiyyat məscidi dini icması və Şəhidlər məscidi dini icması da var. Ötən il Azərbaycanda 102 dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb.

Kərimov deyib ki, Gəncədə 6 müsəlman, 7 xristian yönümlü dini icma fəaliyyət göstərir.

"Müsəlman yönümlü dini icmalardan 3-ü - Qazaxlar Məscidi, Böyük Bağmanlar Məhəllə Həzrəti Zeynəb Məscidi və Şahsevənlər Məhəllə Məscidi dini icmaları qeydiyyatdan keçərək şəhadətnamə alıblar. Yerdə qalan Şah Abbas Came Məscidi, Fatimeyi Zəhra və Qırıxlı dini icmaları qeydiyyat şəhadətnaməsi almaq üçün sənədlərini komitəyə təqdim ediblər", - o deyib.

Kərimovun sözlərinə görə, 7 xristian yönümlü dini icmadan yalnız biri (Aleksandr Nevski Rus Provaslav kilsəsi Dini İcması) qeydiyyat şəhadətnaməsi alıb, iki dini icma isə keçən ilin sonunda sənədlərini komitəyə təqdim edib. Digər 4 xristian yönümlü dini icma isə qeydiyyatdan keçmək üçün sənədlərini komitəyə təqdim etməyib.

Onun sözlərinə görə, müraciət etməyən icmalar haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

Kərimov Dövlət Komitəsində ziyarətgahların qeydiyyatı ilə bağlı xüsusi təlimat hazırlandığını və təlimat hazır olduqdan sonra İmamzadə ziyarətgahının qeydiyyatı məsələsinə baxılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti