...

Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları aylığı keçiriləcək

Cəmiyyət Materials 13 May 2010 03:32 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları günü kimi qeyd edilir.
Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları aylığı keçiriləcək

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları günü kimi qeyd edilir. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin press-relizində deyilir.

Bu əlamətdar günlə əlaqədar olaraq, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları aylığı keçirilir. Aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər aidiyyəti təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək tədbirlər haqqında məlumatı, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini iyunun 10-dək Ombudsmana təqdim edəcəklər.  

Həmçinin İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) icrasına məsul dövlət qurumları və həmin sənədin icrası işinə cəlb olunmuş QHT-lərin, KİV-lərin iştirakı ilə müvafiq maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulmuşdur.

Bölgələrdə əhalinin müxtəlif kateqoriyaları ilə görüşlərin keçirilməsi, vətəndaşların insan hüquqları üzrə maarifləndirilməsi işinin aparılması və digər silsilə tədbirlər bu qəbildəndir.

17-19 iyun 2010-cu il tarixdə Azərbaycanda İnsan Hüquqları günü və "Ekologiya ili" münasibətilə YUNESKO-nun dəstəyi ilə keçiriləcək, müxtəlif ölkələrin ombudsmanlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə ekologiya və insan hüquqları sahəsində ekspertlərin qatılacağı "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda beynəlxalq konfransla aylığa yekun vurulacaqdır.
       

Xəbər lenti

Xəbər lenti