...

Əlcəzairin "Tourisme" jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında məqalə dərc edilib

Cəmiyyət Materials 18 Mart 2011 20:31 (UTC +04:00)
Jurnalist və tədqiqatçı Fadela Börd tərəfindən Əlcəzairin və Şimali Afrika regionunun fransızdilli "Tourisme" jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında ətraflı məqalə dərc edilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Əlcəzairin "Tourisme" jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında məqalə dərc edilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Jurnalist və tədqiqatçı Fadela Börd tərəfindən Əlcəzairin və Şimali Afrika regionunun fransızdilli "Tourisme" jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında ətraflı məqalə dərc edilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Börd məqalədə Azərbaycana səfərinin Fəxri xiyaban və Şəhidlər xiyabanından başladığını qeyd edərək, Bakıda müxtəlif tarixi dövrlərdə müasir tipli binaların tikilməsinə baxmayaraq, İçərişəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğunun qorunub saxlandığını oxucuların nəzərinə çatdırıb.

İçərişəhər və Şirvanşahlar sarayını ətraflı şəkildə təsvir edən və məğrur Qız Qalasının ziyarətçiləri suallara qərq etdiyini yazan Börd Miniatür kitab muzeyi, Qobustan arxeoloji qoruğu, Dövlət Xalça və Tətbiqi Sənət Muzeyində gördüklərindən heyranlıq keçirdiyini bildirərək, Azərbaycan hökumətinin milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində gördüyü işlərin yüksək təqdirə layiq olduğunu vurğulayıb.

1912-ci ildə tikilmiş Bakı Dövlət Filarmoniyasının ecazkarlığından bəhs edən müəllif folklor musiqi konsertinin, qadın və kişi rəqqasların milli geyimlərinin və rəqslərinin onlarda yüksək təəssüratlar doğurduğunu qeyd edib.

O, səfər çərçivəsində növbəti ziyarət məntəqəsi olan Nobel qardaşlarının evi və Atəşgah haqqında oxuculara ətraflı məlumat verib.

Qatarla Şəkiyə səfərin ayrıca bir macəra olduğunu yazan Börd Şəki şəhərinin zəngin tarixi irsi və mədəniyyətini peşəkar jurnalist və elmi-tədqiqatçı gözü ilə təsvir edib. Müəllif məqalədə Qəbələ və Lahıcın da özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barəsində ətraflı məlumat verib.

Azərbaycana səfərin təəccüblü və maraqlı təəssüratlarla dolu olduğunu yazan müəllif "Biz Azərbaycanı sevdik" deyərək məqaləni bitirib.

Xəbər lenti

Xəbər lenti