Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Azərbaycan İslam Partiyasının sədri və 6 üzvünün cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün hakim Eldar İsmayılovun sədrliyi ilə başlanan hazırlıq iclasında partiya sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov hüquqlarını müdafiə etdiyi şəxsin proses müddətində dəmir barmaqlıqlar arxasında deyil, onun yanında əyləşməsi ilə bağlı vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Qasımov cinayət işinin xitam olunması barədə vəsatət versə də, müzakirələr zamanı təqsirləndirlən Zülfüqar Mikayılovun vəkilinin cinayət işinin materialları ilə tanış olmadığı müəyyən edilib. Bu səbəbdən də vəsatət müzakirə olunmayıb.
Bunu nəzərə alan məhkəmə vəkilə cinayət işinin materialları ilə tanışlıq üçün vaxt verib.
Hazırlıq iclası iyulun 14-dək təxirə salınıb.
İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın Astara rayon şöbəsinin sədri Rufulla Axundov, partiya sədrinin müavini Vaqif Abdullayev, Səmədovun əmisi oğlu Dəyanət Səmədov, partiya üzvləri Firdovsi Məmmədrzayev, Fəramiz Abbasov və Zülfüqar Mikayılov təqsirləndirilən şəxs qismində həbs olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.
Partiyanın sədri Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.