...

Azərbaycan Mətbuat Şurasında Türkiyənin aparıcı media orqanlarının nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2011 18:34 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin ölkəmizdə səfərdə olan aparıcı media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.
Azərbaycan Mətbuat Şurasında Türkiyənin aparıcı media orqanlarının nümayəndələri ilə görüş keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin ölkəmizdə səfərdə olan aparıcı media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.

MŞ-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, Şura sədri Əflatun Amaşov onlara Azərbaycan mediası barədə ətraflı məlumat verib. O bildirib ki, ölkədə 9 ümumrespublika, 15 regional miqyaslı telekanal fəaliyyətdədir. 34 gündəlik, 100-dən çox həftəlik qəzet çıxır. Əhalinin 50 faizi internet istifadəçisidir. Bloqerlik geniş yayılır. Həmçinin, internet xəbər portallarının, televiziya və radiolarının sayı da durmadan artır. Amaşov Azərbaycan mediasının zəngin hüquqi bazaya malik olduğunu da vurğulayıb. O, MŞ-nin ATƏT-in Bakı ofisinin dəstəyi ilə diffamasiya ilə bağlı qanun layihəsi hazırladığını və sənədin ölkə parlamentinə təqdim edildiyini diqqətə çatdırıb.

"Mətbuat Şurasına şikayətlər ayrı-ayrı vətəndaşlardan, dövlət qurumlarından, idarə, müəssisə və təşkilatlardan, eləcə də özəl firmalardan daxil olur. Bununla yanaşı, mediamızın müxtəlif problemlərinə dair araşdırmalar aparır, müxtəlif mövzularda tematik toplantılar keçiririk. Şuranın beynəlxalq əlaqələrində Türkiyə kütləvi informasiya vasitələri ilə münasibətlər başlıca yer tutur. Payızda Bakıda türkdilli xalqların media təmsilçilərinin qurultayının təşkilini nəzərdə tuturuq. Hesab edirik ki, indiki dövrdə qarşılıqlı əlaqələrin daha sıx şəkildə qurulması dövrümüzün tələbidir", - o vurğulayıb.

Türkiyəli qələm sahiblərinin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə baş tutub. Məsələ ilə əlaqədar ətraflı məlumat verən səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib ki, səfərdən məqsəd ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə məlumatların, ən əsası isə Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılmasına dəstək göstərməkdir. "Türkiyəli jurnalistlərin Azərbaycan həqiqətləri barədə ilk mənbədən informasiya almalarını təmin etməyi və mövcud prosesi dərinləşdirməyi düşünürük" - deyən səfirlik sözçüsü qonaqların artıq Prezident Administrasiyasında görüş keçirdiklərini, əlaqələrin digər qurumlarla da davam etdiriləcəyini, həmçinin ölkəmizin müxtəlif bölgələri ilə tanışlıqların aparılacağını diqqətə çatdırıb. Mətbuat katibi iyulun 22-dək davam edəcək səfər çərçivəsində qonaqların müxtəlif KİV redaksiyalarında görüşlərinin təşkilinin də nəzərdə tutulduğunu deyib.

Diskussiyalarda Mətbuat Şurasının peşə fəaliyyəti ilə bir araya sığmayan KİV-lərlə bağlı fəaliyyəti, həmçinin Azərbaycanda jurnalistlərin yazdıqları yazıya görə həbsi təcrübəsinin olmaması və s. məsələlərə də yer verilib.

Fikir mübadiləsi zamanı bildirilib ki, ermənilərin Azərbaycanda törətdikləri soyqırım siyasətinin, etdikləri vəhşiliklərin ifşası mövsümi xarakter daşımamalıdır. Türkiyə mediası ölkəmizin üzləşdiyi faciələrin istər Türkiyə daxilinə, istərsə də ondan kənara çatdırılmasında səylərini əsirgəməməlidir. Görüşdə Türkiyə və Azərbaycanın media nümayəndələrinin qarşılıqlı əlaqələrinin daha da gücləndirilməsi barədə razılığa gəlinib.

Türkiyədən Azərbaycana gələn media nümayəndələrindən ibarət heyətin tərkibinə nüfuzlu "Todays Zaman" qəzetinin əməkdaşı Abdullah Bozkurt, "Zaman" qəzetinin əməkdaşı İsa Yazar, "Milliyyət" qəzetinin yazarı Murat Pazarçı, "Radikal" qəzetinin əməkdaşı Tarıt İşık, "Hürriyyət" qəzetinin əməkdaşı Cansu Çənlibel və "Haber türk"ün əməkdaşı Saliha Kösən daxildir.

Xəbər lenti

Xəbər lenti