...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Aşura günü ilə bağlı qan verib

Cəmiyyət Materials 6 Dekabr 2011 11:54 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün "Təzəpir" məscidində qan verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Aşura günü ilə bağlı qan verib

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün "Təzəpir" məscidində qan verib. Bu barədə Trend-in aksiyada iştirak edən əməkdaşı məlumat verib.

Bu gün "Təzəpir" məscidində Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında 200-dən artıq insan qan verib.

Qanvermə aksiyası bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi bütün məscidlərdə başlayıb.

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının onuncu günü - Aşura günündə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.

Qanvermə aksiyaları Bakı şəhərində "Təzəpir", "Bibi-Heybət", "Mir-Mövsüm ağa", "Qaraçuxur", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər "Cümə" məscidində, Gəncə şəhər "İmamzadə" məscidində, Lənkəran şəhər "Böyükbazar" məscidində, Mingəçevir şəhər "Heydər" məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər "Cümə" məscidində təşkil olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dadır.

"Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır", - fətvada qeyd edilir.

Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır.

Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti