...

Azərbaycanda xəstəxanalarda hemofiliyalı xəstələr üçün xüsusi kabinetlər yaradılır

Cəmiyyət Materials 20 Avqust 2012 11:24 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi rayon və şəhərlərin mərkəzi xəstəxanalarında hemofiliyalı xəstələr üçün xüsusi kabinetlərin yaradılmasına başlayıb.
Azərbaycanda xəstəxanalarda hemofiliyalı xəstələr üçün xüsusi kabinetlər yaradılır

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi rayon və şəhərlərin mərkəzi xəstəxanalarında hemofiliyalı xəstələr üçün xüsusi kabinetlərin yaradılmasına başlayıb. Bunu bazar ertəsi Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, artıq Mingəçevir, Quba, Gəncə və Şirvanın mərkəzi xəstəxanalarında belə kabinetlər yaradılıb. Hazırda Lənkəran və Şəkidə də hemofiliyalı xəstələr üçün kabinetlərin yaradılması istiqamətində iş aparılır.

HXRA rəhbəri deyib ki, bu kabinetlər yaradıldığı şəhərdəki və ətraf ərazilərdəki hemofiliyalı xəstələr üçün nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda Gəncə və onun ətrafındakı 12 rayonda 130-dan çox, Şirvan şəhəri və onun ətrafındakı 9 rayonda 114, Quba və onun ətrafındakı 5 rayonda 62, Mingəçevir və onun ətrafındakı 6 rayonda 165 hemofiliyalı xəstə var. Ümumilikdə isə hazırda Azərbaycanda 1400-ə yaxın hemofiliyalı xəstə qeydiyyatdadır. Həmin xəstələrin 50 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır.

Assosiasiya rəhbəri bildirib ki, hazırda hemofiliyalı xəstələrin sağlamlığı üçün vacib olan dərmanların həmin kabinetlərə verilməsi və onlar tərəfindən xəstələrə paylanılması üçün SN ilə danışıqlar aparılır. Hüseynovanın fikrincə, bu halda xəstələrin dərman alması üçün Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Bundan əlavə, vəziyyəti ağırlaşmış xəstələr Bakıya gətirilərkən onların qanaxmaları güclənir. Dərmanlar birbaşa kabinetlər tərəfindən verildikdə isə belə xəstələrə daha tez tibbi yardım göstəriləcək.

Hemofiliya xəstəliyi insan qanında bəzi laxtalanma faktorlarının irsən çatışmazlığı nəticəsində əmələ gəlir. Hemofiliya irsi xəstəlik olaraq, uşağa anadan keçir. Bu xəstəlik əsasən oğlan uşaqlarında özünü büruzə verir.

Bu qrup insanlarda baş verən qanaxmalar təcili faktor preparatları ilə müalicə edilmədikdə xəstəlik əlillik və ölümlə nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti