...

Azərbaycanda KİV-lər yeni terminləri yalnız onlara verilmiş siyahıya uyğun işlədəcəklər

Cəmiyyət Materials 1 Oktyabr 2012 13:18 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri dilimizə yeni daxil olan terminlərin qarşılığını məcburi şəkildə yalnız onlara verilmiş siyahı əsasında işlədəcəklər.
Azərbaycanda KİV-lər yeni terminləri yalnız onlara verilmiş siyahıya uyğun işlədəcəklər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri dilimizə yeni daxil olan terminlərin qarşılığını məcburi şəkildə yalnız onlara verilmiş siyahı əsasında işlədəcəklər. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədrinin müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, yeni daxil olan terminlərin qarşılığını Terminologiya Komissiyası müəyyən edəcək və bunun əsasında siyahı hazırlayacaq. Həmin siyahı isə ölkədə fəaliyyət göstərən qəzetlərə, televiziya kanallarına təqdim ediləcək. Həmin KİV-lər məcburi surətdə bu terminlərdən istifadə edəcəklər. Bununla yanaşı, Azərbaycanda bütün terminoloji lüğətlər birbaşa Terminologiya Komissiyasının qərarı ilə nəşr olunacaq.

Komissiya həm də ilboyu terminologiya, o cümlədən dilin inkişafı ilə bağlı konfranslar və digər tədbirlər keçirəcək.

Sadıqova bütün bu məsələlərin Terminologiya Komissiyasının yaradılması ilə bağlı hazırlanan təkliflərdə öz əksini tapdığını bildirib. Artıq təkliflər Nazirlər Kabineti tərəfindən rəy və müzakirə üçün müxtəlif qurumlara göndərilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu il verdiyi sərəncamla Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılacaq.

Xəbər lenti

Xəbər lenti