...

Hotel əməkdaşları üçün hazırlanmış video treninqin təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2013 16:32 (UTC +04:00)
12 Aprel 2013-cü il tarixində Qafqaz Baku City Hotel & Residences otelində “DAİR Kiçik Otellərin və Restoranların İnkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanmış Otellərin Ön Büro (Front Office) əməkdaşları üçün video treninqin təqdimat mərasimi keçirilmişdir.
Hotel əməkdaşları üçün hazırlanmış video treninqin təqdimat mərasimi keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

12 Aprel 2013-cü il tarixində Qafqaz Baku City Hotel & Residences otelində "DAİR Kiçik Otellərin və Restoranların İnkişafına Kömək" İctimai Birliyi tərəfindən hazırlanmış Otellərin Ön Büro (Front Office) əməkdaşları üçün video treninqin təqdimat mərasimi keçirilmişdir.

Layihənin hazırlanması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirilməsilə realizə edilmişdir. Video treninq otelçilik sahəsində çalışan, bu peşə üzrə təhsil alan və digər maraqlı insanlar üçün faydalı və səmərəli material olaraq davamlı layihə xarakterli və bununla yanaşı qonaqpərvərlik üzrə peşə təhsili sahəsində ölkədə ilk təcrübədir. Ön Büronun idarəedilməsi çərçivəsində qonaqların qəbulu və xidməti bölməsinin (Reception) işinə həsr edilmiş video treninq bu bölmənin əməkdaşlarının davranış qaydalarını, geyim və gigiyena əsaslarını, sifarişlərin qəbulu və idarəedilməsi, qonaqların qəbulu və qeydiyyatı, ödənişlərin aparılması qaydalarını və digər vacib məqamları açıqlayır. Hazırlanmış video təlimin peşə sahəsində çalışan mütəxəssislərə, tələbələrə, müəllimlərə və digər maraqlı auditoriyaya elektron formatda yayılması nəzərdə tutularaq ondan faydalanma prosesini əlverişli edir.

Tədbirdə iştirak edən İctimai Birliyin nümayəndələri qeyd etmişdirlər ki, layihənin davamlı olması otelçilik və restoran biznesi sahələri üçün digər video materialların hazırlanmasınıda nəzərdə tutur. Bu sıradan otellərin Yemək və İçkilər (Food & Beverages), İnsan Qaynaqları (Human Resources), Təmizlik (Housekeeping), İnformasiya Texnologiyaları (İT) və digər Bölmələrinin əməkdaşları üçün, habelə ictimai iaşə subyektlərinin əməkdaşları üçün Masa Xidməti, Qonaqların Loyallığını Qazanmaq, Bar İşi, Gigiyena və Epidemologiya, Fine Dining, Fast Food və digər istiqamətlər sadalanmışdırlar. Tədbirdə iştirak edən mütəxəssislərin çıxışlarında qeyd edilmişdir ki, adı gedən sahə üçün peşakar əməkdaşların hazırlanması gündəmdə olan və ən vacib məsələlərdən biridir.

İştirakçılardan biri, Beynəlxalq Ticarət Mərkəzinin və Atrium Otelin rəhbəri cənab Elçin Zeynalabdin qeyd etmişdir ki, qonaqpərvərlik sahəsində peşəkar rəhbər işçilərin sayı az olduğundan təşkilatlar daha çox xarici mütəxəssisləri işə cəlb edirlər. Onun sözlərinə görə otellərin rəhbərləri ilk növbədə liderlik və peşəkar komandanın yaradılması bacarığına malik olmalıdırlar. Onun çıxışı alqışlarla qarşılanmış və rəhbər əməkdaşlar üçün treninqlərin zərurəti qəbul edilmişdir.

Video materialın nümaişindən sonra geniş müzakirələr aparılmış, "DAİR Kiçik Otellərin və Restoranların İnkişafına Kömək" İctimai Birliyinin təsis etdiyi Azərbaycan Qonaqpərvərlik Tədris Mərkəzinin (AHEC Azerbaijan Hospitality Education Center) fəaliyyəti haqqında məlumat verilmişdir.

Bunlarla yanaşı tədbir iştirakçılarına qonaqpərvərlik sənayesi üçün nəzərdə tutulmuş müxtəlif malların və xidmətlərin istehsalçıları və distribütorları ilə tanışlıq imkanı yaradılmış, bu müəssisələrin nümayəndələrinə söz ayrılmışdır. VingCard Elsafe şirkətinin elektron kilitləri və mini seyfləri, UCS şirkətinin Shelter, R-Keeper, E-menyu və digər elektron xidmətləri, M-Pro və İceland şirkətlərinin ərzaq məhsulları, Qarant Sığorta şirkətinin sığorta sahəsində xidmətləri, Gəncə Şərab-2 müəssisəsinin Cabernet Sauvignon şərabı və digərləri nümaiş edilmişdirlər.

Qeyd etmək istərdik ki, video treninqın rejissoru Azərbaycan Respublikası Xalq Artisti, Prezident Təqaüdçüsü Mərahim Fərzəlibəyov, aparıcı və ssenari müəllifi JW Marriott Absheron otelinin Satış üzrə Meneceri Nisə Əliyeva, layihənin rəhbəri "DAİR Kiçik Otellərin və Restoranların İnkişafına Kömək" İctimai Birliyin Sədri, Bakı Dövlət Universitetinin "Xarici Ölkələrin İqtisadi Siyasi Coğrafiyası və Turizm" kafedrasının müəllimi Samir Babazadədir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Həmkarlar İttifaqı Konfederasiyasının, Azərbaycan Turizm İnstitutunun, Bakı Dölət Universitetinin, o cümlədən Gilan Turizm, Kempinski Hotel Badamdar, Jumeirah Bilgah Beach Hotel, Hyatt Regency Baku, Park Hyatt Baku, Qafqaz Point, Qafqaz Park, Qafqaz Baku City & Residences, Grand Hotel Europe, Sheraton Baku Airport Hotel, Alp Inn Hotel, Ambiance Hotel, Ariva Hotel, Atrium Hotel, Atropat Hotel, Böyük Qala Hotel, City Palace Hotel, Chirag Plaza, Comfort İnn, Consul Hotel, Crown Hotel, Days Hotel Baku, East Legend Panorama Hotel, Gəncəli Plaza Hotel, Golden Coast Hotel, Qız Qalası Hotel, Hale Kai Residences Hotel, Happy İnn Hotel, Kiçik Qala Hotel, Monolit Plaza Hotel, Museum İnn Hotel, Noahs Ark Hotel, New Baku Hotel, Panorama Villa Lux Hotel, Teatro Boutique Hotel və digərlərinin nümayəndələri iştirak etmişdirlər.

Tədbirə İnformasiya dəstəyi Milli.az, Day.az internet portalları və Trend İnformasiya Agentliyi tərəfindən verilmişdir.

DAIR Otellər və Restoranlar Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərərək, ölkə turizm sənayesinin əsasını təşkil edən otelçiliyinin və restoran biznesinin maraqlarını dəstəkləyir, onların inkişafı istiqamətində, peşə təhsili və təlimi yolunda, dünya turizm sənayesində bərqərar olmuş standartların tətbiqi, otelçilərin və restoran işçilərinin marifləndirilməsi və peşə biliklərinin artırılması sahəsində bir çox işlər aparmaqdadır. Assosiasiyanın məqsədləri çərçivəsində ölkənin otelçilik və restoran sektorunun dünya turizm sənayesinə inteqrasiyası, xarici turistlərin məlumatlandırılması, turizm subyektlərinin təklif etdikləri malların və xidmətlərin, o cümlədən onların nəaliyyətlərinin daha geniş kütlələrə çatdırılması istiqamətində apardığı işlərlə ölkənin ictimai həyatı və adı gedən biznes sahəsinin formalaşması və inkişafı prosesinə öz töhfəsini gətirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti