...

Lənkəranda "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 30 Aprel 2013 19:07 (UTC +04:00)
Bu günlərdə Azərbaycanın hər yerində, eləcə də xarici ölkələrdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbirlər keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.
Lənkəranda "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bu günlərdə Azərbaycanın hər yerində, eləcə də xarici ölkələrdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbirlər keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.

Aprelin 30-da İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Lənkəranda Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulamışdır. Qeyd edilmişdir ki, Ulu Öndərin siyasi təcrübəsi, biliyi, cəsarəti və xalqımızın müdrikliyi nəticəsində qısa müddətdə ölkəmiz çətin sınaqlardan keçərək dinamik yoluna qədəm qoymuşdur.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, Ümummilli Liderin xalqın təkidli tələb və xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, iqtisadi tənəzzülün qarşısı alınmış, irimiqyaslı iqtisadi islahatlara başlanmışdır. 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmış və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün digər sahələrdə də genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Görülən genişmiqyaslı işlərin nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90 faiz, dövlət büdcəsinin gəlirləri 3,5 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmişdir.

Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı", İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı", İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzusunda məruzələrlə çıxış etmişlər. Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.

Tədbirdə çıxış edən sahibkar Fəxrəddin Baxşıyev Ümummilli Liderimiz Heydər Əliyevin sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətlərindən bəhs etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti