Azərbaycan, Bakı, 28 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Elm, Sənaye və Texnologiyaları Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə dərman preparatları və tibbi ləvazimatların istehsalı sektoruna investisiyaların genişləndirilməsi üzrə layihə hazırlayır. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.
Layihə çərçivəsində, ilk növbədə, Türkiyə bazarında defisit və ya çox baha olan dərmanların istehsalına başlanılacaq.
Elm, sənaye və texnologiyalar naziri Nihat Ergün bildirib ki, bBir sıra dərman preparatları Türkiyəyə çox yüksək qiymətlə idxal olunur: "Elə preparatlar da var ki, onları ümumiyyətlə bizim ölkədə tapmaq çətindir. Layihə çərçivəsində belə preparatların Türkiyədə istehsalına başlamaq niyyətindəyik".
Nazirin sözlərinə görə, Türkiyədə hazırda 15-i xarici sərmayələrin hesabına yaradılmaqla, 68 müəssisə dərman istehsalı ilə məşğul olur. Bu müəssisələr təxminən 3,1 min növ dərman preparatı istehsal edir.