...

Azərbaycan ÜST İcraiyyə Komitəsinin 133-cü sessiyasında I vitse-prezident vəzifəsinə yekdilliklə qəbul edilib

Cəmiyyət Materials 5 İyun 2013 20:30 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 133-cü qısa sessiyasında iştirak edib.
Azərbaycan ÜST İcraiyyə Komitəsinin 133-cü sessiyasında I vitse-prezident vəzifəsinə yekdilliklə qəbul edilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 133-cü qısa sessiyasında iştirak edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu tədbirin yenidən təsdiq olunmuş gündəliyinə ÜST-nin baş direktoru M.Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının qətnamələri, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, maliyyə məsələləri, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilib.

İcraiyyə Komitəsinə səlahiyyətli nümayəndələrin seçkiləri zamanı Avstraliya prezident, Azərbaycana isə birinci vitse-prezident vəzifəsinə yekdilliklə qəbul edilib.

İsveçrə Konfederasiyasının qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının Daxili Təftiş Qaydalarının dəyişdirilməsinə dair Büroya Azərbaycan da seçilib. Büronun ilk iclasında ÜST Maliyyə Departamentinin və müstəqil maliyyə ekspertlərinin xülasəsi dinlənilib.

Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü qısa sessiyası öz işini 30 may 2013-cü il tarixdə başa vurmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasında da iştirak edib.

Tədbirin gündəliyinə ÜST-nin baş direktoru M.Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, əlillik və həssas qrupların sosial həyata qaytarılması, sağlam həyat tərzinin təşviqi, səhiyyənin sosial determinantları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilib.

Hər il olduğu kimi, 66-cı sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib.

Baş direktor öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, yeni təzahür edən infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, genişmiqyaslı immunizasiya tədbirlərindən, Minilliyin İnkişaf Məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, habelə üzv ölkələrin səhiyyə və sosial sahəyə maliyyə yatırımlarından və bunun müstəsna əhəmiyyətindən söz açıb.

Baş direktor ana və uşaq sağlamlığının qorunması və son zamanlar Yaxın Şərqdə baş verən siyasi hadisələrdə səhiyyə məsələlərinin həlli, habelə infeksion və qeyri-infeksion xəstəliklərə qarşı aparılan mübarizənin uğurlu nəticələrindən söz açaraq qeyri-infeksion xəstəliklərə qarşı mübarizənin qloballaşdırılması və bunun bütün ÜST regionlarına şamil edilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb. Baş direktor infeksion xəstəliklərə qarşı mübarizədə 2007-ci ildə qüvvəyə minən Beynəlxalq Tibbi Sanitar Qaydalarının əhəmiyyətini qeyd edib.

İlkin plenar müşavirələrdən sonra Assambleya öz işini Komitələrdə davam etdirib.

Komitələrdə səhiyyənin texniki məsələləri, Beynəlxalq Tibbi Sanitar Qaydaların həyata keçirilməsi, ictimai səhiyyə və innovasiyalar, Minilliyin İnkişaf Məqsədlərində səhiyyə məsələləri, infeksion xəstəliklərlə mübarizə, yeni doğulmuşların qidalanması, malyariya, vəbaya qarşı mübarizə, poliomielitin aradan qaldırılması, qan məhsullarının təhlükəsizliyi və keyfiyyəti, səhiyyə sahəsində elmi tədqiqat işlərinin aparılmasında ÜST-nin rolu, qlobal immunizasiya strategiyası, təbii çiçək ehtiyatlarının ləğv edilməsi və digər məsələlər müzakirə edilib.

Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının keçirildiyi tarixlərdə Azərbaycan nümayəndə heyəti ÜST-nin baş direktoru və direktorun Katibliyi, Belarus, Əfqanıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Malta səhiyyə nazirləri ilə və ÜST-nin Avropa regional direktoru ilə işçi görüşlər keçirib.

Görüşlərdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə tibbi kadrların diplomdan sonrakı hazırlığı üzrə əlaqələrin davam etdirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Assambleyasının 66-ci sessiyasında infeksion xəstəliklərə qarşı mübarizə, qeyri-infeksion xəstəliklər, malyariya, psixi sağlamlıq strategiyası, epidemioloji nəzarətə dair çıxışlar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti