...

Quba Soyqırımı Memorial Kompleksində tikinti işləri müvəqqəti dayandırılıb

Cəmiyyət Materials 13 Noyabr 2013 12:16 (UTC +04:00)
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sümüklərin şüşə örtük altına salınması və Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksinin ərazisində vertolyot meydançasının salınması işlərinə gələn ilin aprel ayından başlanacaq.
Quba Soyqırımı Memorial Kompleksində tikinti işləri müvəqqəti dayandırılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sümüklərin şüşə örtük altına salınması və Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksinin ərazisində vertolyot meydançasının salınması işlərinə gələn ilin aprel ayından başlanacaq.

Ərazidə tikinti işlərini həyata keçirən AİCON CPİT MMC-nin sahə rəisi Adil Axundov Trend-ə bildirib ki, qış aylarında tikinti işlərinin aparılması qeyri-mümkün olduğundan ərazidə işlər dayandırılıb: "Məzarlığın üst tərəfində bünövrənin qoyulması üçün torpaq qazılmalıdır. Havalar yağıntılı keçdikdə orada qazıntı işləri aparılsa, məzarlığa su axa, sürüşmə baş verə bilər. Havalar şaxtalı olduqda dəmir-beton konstruksiya işləri görmək də düzgün deyil. Ona görə də bu işləri indi görə bilmirik".

A.Axundov deyib ki, layihəyə görə, məzarlığın üstü torpaqla, ön hissəsi isə şüşə vitrinlə (vakuumla doldurularaq) örtüləcək: "Sümüklər şüşə örtük altına salındıqdan sonra ziyarətçilər içəriyə daxil olmayacaqlar, bunları çöldən görəcəklər".

AİCON CPİT MMC-nin sahə rəisi qeyd edib ki, kompleksdə bayraq meydançasının, avtomobil dayanacağının salınmasını tikinti işlərinin 2-ci mərhələsində həyata keçirmək planlaşdırılsa da, bu işlər daha tez - I mərhələdə görülüb. Növbəti mərhələdə görüləcək işlər - vertolyot meydancasının tikilməsi və şüşə örtüyün salınması gələn ilin payızında yekunlaşacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Bu il sentyabrın 18-də Prezident İlham Əliyev kompleksin açılışında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti